Son xəbərlər

Qrip peyvəndi bütün uşaqlara lazımdırmı? - Pediatrdan vacib AÇIQLAMA

  • Hər tez-tez xəstələnən uşağa lazım deyil!
  • Qrip uşaqlarda meningit və ensefalit yarada bilər

2026-2027-ci illərin payız-qış mövsümü ilə əlaqədar ölkə üzrə qripə qarşı peyvəndləmə kampaniyası davam edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, qrip infeksiyasının ağırlaşmaları baxımından yüksək risk qrupuna daxil olan şəxslərə, xüsusilə səhiyyə işçilərinə, hamilə qadınlara, eləcə də 6 aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslərə qripə qarşı peyvənd olunmaq tövsiyə edilir. Mövsümi qripə qarşı vaksinasiya xəstəlikdən qorunmanın və mümkün ağırlaşmaların qarşısının alınmasının əsas profilaktik vasitələrindən biridir.

Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı profilaktik tədbirlərə əməl etməyə, o cümlədən vaksinasiya prosesində fəal iştirak etməyə çağırır.

Qripə qarşı vaksinasiya ödənişsiz həyata keçirilir və vətəndaşların yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Pediatr Aytən İsmayılzadə Sherg.az-a açıqlamasında uşaqlar arasında qrip peyvəndi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. O bildirib ki, qrip peyvəndinin əsas məqsədi xəstəliyi ağır keçirmə riski olan uşaqları virusun təhlükəli fəsadlarından qorumaqdır. Bununla belə, peyvəndin bütün virus infeksiyalarına qarşı müdafiə yaratmadığını nəzərə almaq lazımdır.

Həkimin sözlərinə görə, qrip peyvəndi tez-tez xəstələnən bütün uşaqlara deyil, qrip infeksiyasını ağır keçirmə riski olan və müəyyən risk qrupuna daxil olan uşaqlara tövsiyə edilir. Xüsusilə leykoz, kistik fibroz və digər ciddi diaqnozları olan uşaqların qorunması bu baxımdan əhəmiyyətlidir.

A.İsmayılzadə qeyd edib ki, qrip peyvəndi yalnız qrip virusuna qarşı müdafiə yaradır, digər respirator viruslardan isə qorumur. Onun sözlərinə görə, peyvəndin effektivliyi təxminən 60-80 faiz arasında dəyişə bilər:

“Uşağa qrip peyvəndi vurulsa da, sağlam qidalanmaya və bağırsaq mühitinə diqqət yetirilməzsə, o, yenə də xəstəliyi ağır keçirə bilər. Bu məqamlara diqqət etmək lazımdır.

Hərarət yoxdursa, bu, qrip xəstəliyi deyil. Qrip yüksək hərarətlə (39-40 dərəcə) müşayiət olunan yoluxucu xəstəlikdir. Burun axması, gözlərin sulanması və öskürək qripin deyil, zökəmin əlamətləridir. Zökəmə isə soyuqlama və digər viruslar (adenovirus, paraqrip və s.) səbəb ola bilər.

Qrip peyvəndi uşaq hər qrip infeksiyasından sonra irinli otit və pnevmoniya kimi ağırlaşmalarla üzləşirsə, tövsiyə olunur. Bu hal bir dəfə deyil, bir neçə dəfə təkrarlanarsa, peyvənd məsələsi nəzərdən keçirilməlidir.

Qrip virusunu ağır keçirmək yalnız yüksək hərarət, baş və bədən ağrıları, halsızlıq demək deyil. Ağırlaşma dedikdə bakterial infeksiyanın qoşulması və antibiotik istifadəsinə ehtiyac yaranması nəzərdə tutulur.

İmmunitetin gücü 70 faiz anadan alınır və bizimlə doğulur. Sağlam qidalanma, təmiz hava və aktiv hərəkət onu daha da gücləndirir”.

A.İsmayılzadə uşaqların immun sisteminin qorunmasında sağlam qidalanma, təmiz hava və fiziki aktivliyin roluna da toxunub. Onun fikrincə, peyvəndlə yanaşı, uşağın gündəlik qidalanmasına və ümumi sağlamlıq vəziyyətinə də diqqət yetirilməlidir. Xüsusilə bağırsaq mikroflorasının sağlamlığının qorunması vacibdir:

“Sağlam qidalanma zərərsiz qidalanmadır. Bağırsaq mühitinə və orqanizmə fayda verməyən qidalar qəbul edilməməlidir. Bu, xüsusilə uşaq orqanizmi üçün vacibdir!

Aktiv hərəkət, təmiz hava və sağlam qida həyat enerjisinin (prananın) mənbəyidir. Prana az olduqda, əlbəttə, immunitet də zəif olar. Qrip virusu zəif virus deyil, meningit və ensefalit kimi ciddi ağırlaşmalara səbəb ola bilər”.

Pediatr qripə yoluxma zamanı ilk gündən düzgün yanaşmanın əhəmiyyətini vurğulayaraq, bol maye qəbulunu, ev şəraitində istirahəti və uşağın həddindən artıq fiziki yüklənməməsini tövsiyə edib. O, həmçinin uşağın yemək yeməyə məcbur edilməməsinin və hərarətin nəzarətsiz şəkildə aşağı salınmasına çalışılmamasının vacibliyini qeyd edib. Müalicə və dərman istifadəsi isə uşağın vəziyyətinə uyğun olaraq həkim tərəfindən müəyyənləşdirilməlidir.