Ermənistanın baş naziri Nikol Paşinyan yaxın illərdə ölkəsinin dövlət sərhədlərinin mühafizəsinə görə bütün məsuliyyəti öz üzərinə götürməli olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Paşinyan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı sualı cavablandırarkən bu barədə danışıb.
O, uzun illər Ermənistanın sərhədlərini qoruduqlarına görə rusiyalı sərhədçilərə təşəkkür edib. Bununla belə, baş nazir yaxın illərdə sərhədlərin mühafizəsinin tamamilə Ermənistan tərəfindən həyata keçirilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsi sistemi sovet dövründən qalıb. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin Gümrü, Armavir, Artəşat və Meğri şəhərlərində dörd sərhəd dəstəsi fəaliyyət göstərir.
Paşinyan aprelin 30-da da Ermənistan sərhədçilərinin gələcəkdə rusiyalı həmkarlarını əvəz edəcəyini açıqlamışdı.
Rusiya Prezidenti Vladimir Putin isə sentyabrın 2-də İrəvanın müraciət edəcəyi təqdirdə rusiyalı hərbçilərin Ermənistandan çıxarılmasına hazır olduqlarını bildirmişdi.