Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüşü baş tutub.
Sherg.az xəbər verir ki, görüşdə hər iki ölkədən ümumilikdə 60 nəfər - 31 erməni və 29 azərbaycanlı iştirak edib.
Tərəflər sülh gündəliyinin irəlilədilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda ticarət və nəqliyyat marşrutlarının yaradılması, humanitar əməkdaşlıq və gənclərlə iş məsələlərini müzakirə ediblər.
Görüş çərçivəsində iqtisadiyyat, infrastruktur, ekologiya, media, təhsil, humanitar məsələlər və geosiyasət üzrə tematik müzakirələr aparılıb.
Qeyd edək ki, iştirakçılarla Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vaan Kostanyan da görüşüblər.