Son xəbərlər

Sənədsiz evdə yaşayanlara ümid - Böyük əmlak amnistiyası GÜNDƏMDƏ

  • Yüz minlərlə ailənin problemi həll edilə bilər

Ölkədə mərhələli əmlak amnistiyasına və sənədsiz evlərlə bağlı bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var. Bunu Milli Məclisin plenar iclasında komitə sədri Zahid Oruc Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bütün sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalı, qeydiyyata yararlı olanlar məhkəməyə müraciət etmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməli, mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda saxlanılmalı, həmin ərazilərin sakinlərinə isə alternativ təkliflər verilməlidir.

Z. Oruc bildirib ki, Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılmış son araşdırma problemin əsl miqyasını göstərir. Məlum olub ki, sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsi aztəminatlı və orta gəlirli ailələrdir. Elələri var ki, 10 ildir, elələri də var ki, 20 ildən artıqdır həmin evlərdə məskunlaşıblar. Sakinlərin özlərinin tikdiyi evlərlə yanaşı, satın alınmış evlər də var. Bu isə o deməkdir ki, rəsmiləşdirilməmiş evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz.

2023-cü ilədək tikilən sənədsiz evlərin böyük əksəriyyəti kommunal xidmətlərlə təmin olunub. Yəni dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul edib, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməyib.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında bildirib ki, sənədsiz evlərin qeydiyyata alınması məsələsini həm vətəndaşların konstitusion mülkiyyət hüququnun təmin edilməsi, həm də iqtisadi və sosial sabitlik baxımından strateji əhəmiyyətli problem kimi qiymətləndirir:

- Vətəndaşların mülkiyyət hüququ tanınmalıdır. Yüz minlərlə insanın illərdir yaşadığı, kommunal xidmətlərdən istifadə etdiyi evlərin sənədsiz qalması onların mülkiyyət və qeydiyyat hüquqlarını məhdudlaşdırır. Bu, həm də vətəndaşların sosial təminatlara çıxışını və miras hüququnu çətinləşdirir.

Digər tərəfdən, sənədsiz evlərin leqallaşdırılması ölkədə böyük həcmdə daşınmaz əmlakın iqtisadi dövriyyəyə daxil olmasına və dövlət büdcəsinə əmlak vergisi şəklində əlavə gəlirlərin daxil olmasına şərait yaradar. Sənədsiz evlər problemi korrupsiya risklərini artırır. Hüquqi qeyri-müəyyənlik məmurlar və vətəndaşlar arasında qeyri-rəsmi münasibətlərə və korrupsiya hallarına zəmin yaradır. Halbuki şəffaf qeydiyyat mexanizmi həyata keçirilsə, bu risklər aradan qalxacaq.

Ə. Nuriyev əmlak amnistiyasının tətbiqini zəruri hesab etdiyini bildirib:

- Problemi kökündən həll etmək üçün birdəfəlik və genişmiqyaslı əmlak amnistiyası haqqında qanun qəbul edilməli və ya xüsusi dövlət proqramı icra olunmalıdır. Təbii ki, sənədsiz evlərin hamısına eyni yanaşmaq mümkün deyil. Kommunikasiya xətlərinin üzərində, bələdiyyə və dövlət torpaqlarında, kənd təsərrüfatı təyinatlı torpaqlarda, eləcə də təhlükəli ərazilərdə tikilmiş evlərə fərqli yanaşma olmalıdır.