Son xəbərlər

Azərbaycanın ATƏT-ə sədrliyə namizədliyi əhəmiyyətli hadisədir - ŞƏRH

  • Bu, Azərbaycanın qlobal məkanda artan nüfuzunun, güclənən təsir imkanlarının real nəticəsidir

Azərbaycanın ATƏT-ə sədrliyi üçün namizədliyinin irəli sürüldüyü açıqlanıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ölkəmizə bu istiqamətdə təklif təqdim olunub və Bakı həmin təklifə müsbət yanaşır. Onun sözlərinə görə, ATƏT-ə növbəti illərdə rəhbərlik edəcək ölkələrin müəyyənləşdirilməsi ilə bağlı bir ildən artıqdır müzakirələr aparılır. Lakin təşkilat daxilində mövcud gərginlik və üzv dövlətlər arasındakı ziddiyyətlər səbəbindən ortaq razılıq əldə etmək mümkün olmayıb.

Müzakirələr çərçivəsində 2027, 2028 və 2029-cu illər üzrə sədr ölkələrin vahid paket şəklində müəyyənləşdirilməsi təklifi də gündəmə gəlib. Bu paketdə Azərbaycanla yanaşı, Ermənistanın namizədliyinin də irəli sürülməsi diqqət çəkir. Ceyhun Bayramovun sözlərinə görə, bu yanaşma iki ölkə arasında münaqişənin başa çatmasından sonra regionda yaranmış müsbət dəyişiklikləri nəzərə alır.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında Azərbaycanın ATƏT-ə sədrliyə namizədliyinin irəli sürülməsinin olduqca böyük əhəmiyyət daşıdığını söyləyib:

“Çünki bu, ilk növbədə, rəsmi Bakının yürütdüyü çoxvektorlu xarici siyasət kursunun töhfələrindən biridir. Azərbaycan həm Çin daxil olmaqla Asiya ölkələrinin, həm də ABŞ və Britaniya kimi Qərb nəhənglərinin, ümumilikdə, Qərb ölkələrinin strateji tərəfdaşları sırasında yer alır.

Eyni zamanda, Azərbaycan Avropa ölkələrinin də diqqət mərkəzindədir. Çünki Azərbaycan ABŞ-ın enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşıdır. Həmçinin Avropa bazarları üçün əsas enerji resursları mənbələrindən biridir. Yəni Azərbaycan hazırda qlobal məkanda öz nüfuzunu və təsir imkanlarını maksimum səviyyədə artırmaqda davam edir. Təbii ki, bütün bunlar qlobal məkanın əsas oyunçuları tərəfindən də ciddi şəkildə nəzərə alınır.

Azərbaycan artıq ATƏT kimi çox önəmli beynəlxalq quruma sədrlik etmək baxımından hazır vəziyyətə gəlib və ölkəmizin sədrliyə namizədliyi irəli sürülür. Bu da o deməkdir ki, Azərbaycan artıq yalnız regional məkanda deyil, həm də qlobal məkanda siyasi iradə mərkəzlərindən, siyasi iradə sahiblərindən birinə çevrilir. Halbuki bir neçə il bundan əvvəl bu barədə düşünmək sadəlövhlük olardı. Çünki Cənubi Qafqazda münaqişə mövcud idi, Azərbaycan və Ermənistan arasında savaş mühiti davam etməkdə idi. Ancaq Azərbaycan bu savaşda qalib gəldi və Cənubi Qafqazda münaqişə dövrü sona çatmış oldu. İndi bu region sülh və sabitlik məkanına çevrilməyə başlayıb. Eyni zamanda, regionun əsas siyasi iradə mərkəzi də məhz Azərbaycandır”.

Analitik qeyd edib ki, savaşın sona çatması, regionda sülh və sabitliyin bərpa olunması, eyni zamanda, Cənubi Qafqazın dünyanın ən önəmli regionlarından birinə çevrilməsi və Avropa ilə Asiyanı bir-birinə birləşdirəcək tranzit-logistika qovşağının burada yaradılması ehtimalı Azərbaycanı qlobal məkanda da ön plana çıxarır:

“Bu baxımdan hesab etmək olar ki, Azərbaycanın ATƏT-ə sədrliyə namizədliyinin irəli sürülməsi qətiyyən təsadüfi deyil və bu, Azərbaycanın qlobal məkanda artan nüfuzunun, güclənən təsir imkanlarının real nəticəsidir”.