Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsi ilə bağlı referendumun keçirilməsinə hazırkı parlamentin dəstəyini qazana bilməyəcək və növbədənkənar seçkilər elan etməyə məcbur qalacaq.
Sherg.az xəbər verir ki, bu barədə “Maariflənmiş Ermənistan” Partiyasının lideri Edmon Marukyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, referendumun keçirilməsi üçün parlamentdə tələb olunan səslərin toplanması real görünmür. Marukyan hesab edir ki, müxalifət deputatlarının layihənin lehinə səs verməsi ehtimalı aşağıdır. Bu səbəbdən Paşinyan parlamenti buraxaraq növbədənkənar seçkilərə getməli ola bilər.
Siyasətçinin fikrincə, baş nazir seçkilər vasitəsilə parlamentdə konstitusiya çoxluğu əldə etməyə, daha sonra yeni Konstitusiya layihəsini təsdiqləyərək referenduma çıxarmağa çalışır. Marukyan bu addımın Paşinyana vaxt qazanmaq imkanı verəcəyini də düşünür.
O, hesab edir ki, Paşinyan bu yolla Azərbaycana yeni Konstitusiya layihəsinin qəbul edilməsi istiqamətində addımlar atdığını göstərir və Bakının gözləməsinə nail olmağa çalışır. Eyni zamanda, Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətə ölkədə demokratik proseslərin və siyasi rəqabətin davam etdiyini nümayiş etdirmək istəyir.