Şəhid ailələri bizim üçün milli vicdan məsələsidir - RƏY

“Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan dövləti üçün şəhid ailələri və müharibə əlilləri milli vicdan məsələsidir”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib. 

Millət vəkili qeyd edib ki, son illər ərzində 16 min şəhid ailəsinin və müharibə əlilinin, eləcə də onların ailə üzvlərinin dövlət tərəfindən mənzillə təmin olunması sosial siyasətimizin miqyasını və dərin humanist mahiyyətini açıq şəkildə ortaya qoyur. Onun sözlərinə görə, bu yanaşma canını Vətən uğrunda fəda etmiş insanların ailələrinə dövlətin dayağıdır: “Heç kimə sirr deyil ki, ölkəmiz müstəqilliyini qazandıqdan sonra olduqca ağır sınaqlarla sınanmışdır. Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlərin, şəhid ailələrinin, qaziləri, veteranların sosial problemləri iqtisadiyyatı formalaşmaqda olan bir dövlət üçün olduqca ağır bir vəziyyət idi. Lakin cənab Prezident İlham Əliyev bütün çətinliklərin öhdəsindən layiqincə gələrək bütün dövrlər üçün işlək mexanizm yaratdı. Həmin mexanizm bu gündə bütün məhsuldarlığı ilə vətəndaşlarımıza xidmət edir. Ölkə rəhbərimizin vurğuladığı kimi, dünya tarixində saysız-hesabsız müharibələr baş verib – İkinci Dünya müharibəsi və ondan sonrakı münaqişələr buna nümunədir. Lakin şəhid ailələrinə və müharibə əlillərinə sistemli, ardıcıl və dövlət səviyyəsində qayğı göstərən ölkələrin sayı barmaqla sayılacaq qədər azdır. Azərbaycan bu baxımdan istisna nümunədir. Mənzillə təminatla yanaşı, minik avtomobillərinin verilməsi, sosial güzəştlər və digər dəstək mexanizmləri dövlətimizin sözügedən ailələrə diqqət və qayğısının göstəricisidir”.

G. Ağamalı xüsusi ilə qeyd edib ki, müharibə zamanı sağlamlığını itirmiş hərbçilərimiz ən müasir, son model protezlərlə dövlət hesabına təmin olunub. Artıq 500-dən çox insan bu protezlər sayəsində yenidən normal həyata qayıdıb və bu proses davam etdirilir: “Dövlətimiz öz qəhrəmanlarına müharibədən sonrakı həyatlarında da arxa və dayaq olur. Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğı vətəndaşlıq borcumuz, mənəvi məsuliyyətimiz və dövlətçilik prinsipimizdir. Əminliklə deyə bilərəm ki, bu siyasət bundan sonra da davam edəcəkdir. 

Güclü dövlət, şəriksiz lider və milli iradə sayəsində Azərbaycan dövləti hər zaman öz şəhidlərinin ailələrinin və müharibə əlillərinin yanında olacaqdır”.