Sülh sazişi kağız parçası ola bilər - ŞƏRH

Natiq Miri: “Ermənistan “çox məsələ qalıb” deyərək sülhü bilərəkdən uzadır”

"Ermənistan ərazi iddialarından əl çəkməyincə bölgəyə sülh gəlməyəcək"

“Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində həll edilməli bir çox məsələ var”. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesi kontekstində həll edilməli olan bir çox məsələ qalır: “ Bizim prioritetimiz dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin imzalanmasıdır. Bütün digər məsələlər bu kontekst və müvafiq ardıcıllıqla nəzərdən keçirilir”. Beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı olaraq götürülməsi mövzusuna münasibətində Nikol Paşinyan qeyd edib ki, onların həlli proseduru sülh sazişi layihəsində təsbit olunub, imzalandıqdan və təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh prosesində “həll edilməli çoxlu məsələlərin qalması” barədə açıqlamalar daha çox prosesin uzadılmasına xidmət edir. Onun fikrincə, rəsmi Bakı artıq əsas prinsipləri aydın şəkildə ortaya qoyub və sülh gündəliyi konkret çərçivəyə salınıb. Ermənistan isə hələ də prioritetləri mərhələlilik adı altında saxlayaraq, xüsusilə hüquqi və siyasi öhdəliklərin icrasını gecikdirməyə çalışır:

“Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla davam etməsi üçün əsas şərt sülh sazişinin imzalanmasıdır. Lakin sülh sazişi sadəcə 15-17 müddəadan ibarət və yalnız prinsipləri özündə ehtiva edən sənəd deyil. Bu sənədin qalıcı olması üçün hüquqi təminat olmalıdır.

Bunun üçün iki maneə var idi, ATƏT-in Minsk qrupunun fəaliyyəti və Ermənistan Konstitusiyasının preambulasında Azərbaycanın ərazilərinə, xüsusən də Qarabağa iddianın yer alması. Birinci maneə aradan qaldırılıb, ikinci isə hələ də qalmaqdadır. Ermənistan rəhbərliyinin mövqeyinə əsasən, xüsusi komissiya yaradılıb və yaydakı parlament seçkilərindən sonra bu məsələ ilə bağlı referendumun keçirilməsi gözlənilir.

Qeyd etdiyim kimi davamlı sülhün təmin olunması üçün yalnız saziş kifayət deyil. Digər vacib məsələlər də mövcuddur. Əsas şərt sayılmasa da delimitasiya və demarkasiya prosesləri önəmlidir. “Sülh sənədi” deyiləcək razılaşdırılan sənəddə ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi var”. 

N. Miri onu da vurğulayıb ki, Azərbaycan illərdir, Ermənistan konstitusiyası və digər normativ aktlarında ərazi iddialarının ortadan qaldırılmasını tələb edir. Paralel olaraq bunun erməni ictimai şüurunda yer alması və həzm olunmasını tələb edir: “Çünki "sülh" dediyimiz anlam erməni icimaiyyəti tərəfindən düzgün qəbul olunmursa və Azərbaycana qarşı düşmən mövqeyində dayanırlarsa imzalanacaq sülh sazişi kağız parçasından başqa bir şey olmayacaq. Ona görə də referendum keçirilməli və orada ermənilərin sülh tərəfdarı olduğu təsdiq olunmalıdır. Bunu yeni konstitusiya ilə təsbit etmək olar. Belə ki, yeni konstitusiyada ərazi iddiaları tamamilə ortadan qaldırılandan sonra erməni ictimaiyyəti bu sənədə səs verməklə dolayısı ilə Azərbaycanla sülh istədiklərini bəyan etməlidirlər. Ermənistan öz konstitusiyasında ərazi iddialarından əl çəkmədikcə, və erməni ictimaiyyətinin Azərbaycana düşmən mövqeyindən əl çəkməsi üçün addımlar atmayınca sülh sənədinin imzalanması bölgəyə sülh gətirməyəcək. Bu sənədin imzalanmasına kompleks yanaşmaq lazımdır. Bu, bütöv bir sistemdir -sərhədləri, diplomatik əlaqələri, ticari və digər sahələr üzrə əməkdaşlıqların təmin olunması ilə bərabər sülh yaratmaq olar. Sadəcə prinsipləri nəzərdə tutan sənədin imzalanması regiona sülh vəd etmir”.