“AZAL özəlləşdirilsə də, vəziyyət düzəlməyəcək”

Azər Mehdiyev: “AZAL müxtəlif bəhanələrlə insanları alternativ seçimdən məhrum edib”
İlham Şaban: “Nəyə görə biz illərcə Qarsa qatarla getməyin arzusu ilə yaşamalıyıq”


Milli Məclis komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcə zərfi ilə bağlı aparılan müzakirələr zamanı millət vəkili Zahid Oruc bəzi dövlət müəssisələrinin özəlləşdirilməsini təklif edib. Həmin müəssisələrdən biri də "Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətidir.

Millət vəkilinin təklifinə rəsmi cavab verən Maliyyə naziri Samir Şərifov isə buna qarşı çıxıb və deyib ki, "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin özəlləşdirilməsi ideyası uğurlu olmayacaq. Ümumiyyətlə, özəl hava şirkətlərinin uğurlu olmadığını vurğulayan nazir deyib ki, özəl aviaşirkətlər tez-tez müflisləşir və hökumət onları qorumaq məcburiyyətində qalır.

İqtisadçı-ekspert Azər Mehdiyev isə hesab edir ki, AZAL özəlləşdirilsə belə, nə şirkətin fəaliyyətindəki problemlərin, nə də Azərbaycan Hava Yolları bazarındakı problemlərin aradan qaldırılmasına kömək edəcək.

Onun fəaliyyətindəki problemlər dəqiq müəyyənləşdirilməlidir: "AZAL-ın özəlləşdirilməsi bu problemləri həll etməyəcək. Çünki bu problemlərin kökündə inhisarlaşma durur. Eyni zamanda qiymətlərin yüksək olmasına səbəb Azərbaycanda bu bazarda rəqabət çatışmazlığıdır”. Azər Mehdiyevin sözlərinə görə, AZAL-a edilən yardımlar azaldılmalıdır: "Əvvəllər Azərbaycanda daha ucuz qiymətə xidmət təklif edən hava yolları şirkətləri var idi. Lakin AZAL müxtəlif bəhanələrlə həmin şirkətləri rəqabətdən uzaqlaşdırıb və insanları alternativ seçimdən məhrum edib. Bu isə bazarda qiymət artımına gətirib çıxarıb. Problemlərin aradan qaldırılması üçün şirkətlərin rəqabətinə imkan yaradılmalıdır. Bu zaman qiymət artımının qarşısı müəyyən qədər alına bilər. Bundan başqa, AZAL-a dövlət tərəfindən yardım verilir. AZAL öz imkanları ilə xidmət keyfiyyətini yaxşılaşdırmağa məcbur edilməlidir. Şirkət öz gəlirləri ilə yaşamağı bacarmalıdır”.

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə AZAL-ın və ya "Azərbaycan Dəmir Yolları” QSC kimi qurumların özəlləşdirilməsi məsələsini hökumətin gündəliyə çıxaracağına inanmır: "Nə bu gün, nə də sabah, nə də neftin qiyməti dünya bazarında 20 dollara düşsə belə, bir strateji obyekt kimi bu qurumlardan vaz keçələr. Çünki ortada maraqlar məsələsi var. Ötən 20 ildə bir dəfə belə olsa, görmədik ki, hökumətin iclasında bu qurumların gəlirlilik səviyyəsinin artırılması üçün ortaya hansısa strateji proqram hazırlanıb qoyulsun. Dövlət bu qurumlara ildə kifayət qədər xərc və investisiya ayırır, bütün kapital xərclərini ödəyir. Bütün bunların fonunda isə idarəetmə və dövlət büdcəsinə vergi ödəmələri yetərli deyil. Vergi ödəmələri bir yana qalsın, dövlətin bu yatırımları heç xidməti görmür. Bu gün hamının başını Bakı-Tiflis-Qars sərnişin qatarı ilə qatırlar. İndi əksəriyyət Türkiyəyə qatarla getmək arzusu ilə yaşayır. Bu, insanları kütləvi informasiya vasitələri ilə aldatmaqdan başqa bir şey deyil. Nəyə görə biz illərcə Qarsa qatarla getməyin arzusu ilə yaşamalıyıq.

2007-ci ildən 2016-cı ilə qədər neftin 100 milyardlıq vəsaiti gəldiyi bir vaxtda belə, biz harasa getmək üçün 200 manat verməli idik. Mərkəzi Asiya ölkələrində isə həmin qatarlar 10 il bundan qabaq ölkə içində istifadəyə verilib. Amma bizdə bunun səbəblərini soruşmaq heç kəsin ağlına gəlmədi. Ağlına gələnlər isə məsələyə öz prizmasından baxaraq bu sualı vermək istəmədilər: Nəyə görə Bakı-Gəncə, Bakı-Qazax, Bakı-Lənkəran, Bakı-Balakən-Şəki istiqamətlərində lüks qatarlar istifadəyə verilmir? Buna cəmisi yarım milyard vəsait lazım idi. O vaxtları ortaya belə bir absurd arqument atdılar ki, sərnişinlər lüks qatarları xarab edəcək, söküb-dağıdacaqlar. Eyni ilə də avtobus marşrutları üçün həmin sözü deyirdilər. Xarab yük avtobuslarını alıb, orasına-burasına əl gəzdirib Azərbaycanda sərnişin avtobusu kimi istifadə edirdilər. Amma bu gün görürük ki, insanlar yeni avtobuslardan kifayət qədər mədəni yararlanır”.

AZAL-da da vəziyyətin Dəmiryollarından fərqli olmadığını vurğulayan İ.Şaban deyib ki, bütün bunlara səbəb qeyri-rassional yanaşma və düzgün proqnozlaşdırmanın olmamasıdır.

Şəymən