AST Telmanın müflisləşməsi xəbərləri yayılıb. Bu, həmin AST Telmandır ki, Rusiya hökuməti onun "Çerkizov” bazarına əl qoyduqdan sonra biznes fəaliyyətini Türkiyədə davam etdirmək qərarını verdi. Daha doğrusu, T.İsmayılovun varidatını xısın-xısın Türkiyəyə köçürməsindən duyuq düşən Rusiya Prezidenti Putin hökumətin timsalında AST Telmanı arzuolunmaz şəxs elan etdi. "Çerkizov” bazarını da bu "dönüklüyünə” görə, əlindən aldılar. Və AST Telman Türkiyəyə sığındı. Antalyada dillərə düşən "Mərdan Palaz” otelini inşa etdirdi. Deyilənə görə, bu otelin tikintisinə 1,4 milyard dollar vəsait xərclənib.
Amma hər şeyin sonu olduğu kimi, AST Telmanın da sonu gəldi. Onun məşhur otelini satışa çıxardığı xəbərləri yayıldı. İnananlar da oldu, inanmayanlar da. Bu günlərdə yayılmış bir xəbər isə AST Telmanın həqiqətən də müflisləşdiyini təsdiq edir.
Aznews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, adıçəkilən ölkədə fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Bank Moskvı” Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib.
Bank ondan 286 mln. dolların qaytarılmasını tələb edir. Bu barədə Rusiyanın "Kommersant” qəzeti yazıb.
Qəzetin yazdığına görə, ərizəyə əsasən, İsmayılovu "Ruslayn 200” MMC və Tropicano Finance B.V. şirkətlərinin müqavilə ilə müəyyən edilmiş müddətdə 230 mln. dolları qaytaracaqlarına verdiyi zaminliklə əlaqədar müflisləşmiş elan etməyi tələb edirlər.
"İsmayılov Telman Mərdan oğlu uzun müddətdir pul öhdəliklərini icra etmədiyi üçün belə qərara gəlmək olar ki, o, ödəməqabiliyyətli deyil”, - deyə, bəyanatda bildirilir.
Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bankın nümayəndələri əvvəlcə borclar haqqında məsələni dinc yolla həll etmək istəyiblər, lakin uğursuzluğa düçar olduqdan sonra məhkəmədə iddia qaldırıblar. Bu iddia üzrə qərara əsasən, İsmayılovun adına rəsmi qeydiyyatda olan bütün əmlaka həbs qoyulub.
Qeyd edilir ki, son illər Azərbaycan əsilli milyarderin işləri yaxşı getmir.
Forbes-in məlumatına görə isə 2015-ci ilin aprelində AST şirkətlər qrupunun prezidenti Telman İsmayılov 200 ən varlı rusiyalı sahibkarın daxil olduğu siyahıda 0,6 mlrd. dollar sərvətlə 144-cü yeri tuturdu, ötən dövr ərzində onun sərvəti 0,15 mlrd. dollar azalıb.
Xeyirsiz pullar...
AST Telmanın müflisləşməsinin, əslində, bizə - Azərbaycana bir dəxli yoxdur.
Onun haqqında yayılan sonuncu məlumatlara ilginin səbəbi də məhz budur: Azərbaycan əsilli, fəqət Azərbaycana xeyri dəyməyən, yəni faktiki ölkəsinə, xalqına heç bir dəxli olmaması. AST Telman kimi zəngin varidata sahib, lakin ölkəsinin və xalqının işinə yaramayan şəxslər çoxdur. Belə insanların nəinki Vətənləri və vətəndaşlarına köməyi dəyir, hətta dünyadakı proseslərdən də kənarda dayanırlar. Onlar üçün ancaq özləri və biznesləri mövcuddur. Belə insanlar həmişə olub. Adları dünyanın ən varlı adamları ilə eyni siyahılara düşür, varidatlarının miqdarı açıqlanır, amma bu var-dövlətdən ölkəsinə, millətinə hansı pay düşür, bunu heç kim bilmir. Bu günlərdə müflis olması xəbərləri yayılan, AST Şirkətlər Qrupunun təsisçisi, milyarder Telman İsmayılov da belələrindəndi. AST Telman Antalyada "Mardan Palaz”ın açılışını edəndə, dünya mediasının mərkəzində idi.
7 "ulduz”lu otelin özü kimi açılışı da möhtəşəm idi. Kimlər yox idi açılışda; Meray Kerridən tutmuş, Riçard Gir, Şeron Stouna qədər, çağın əksər "ulduzlar”ı. Həmçinin də, Türkiyə şou-biznesinin öndə gələn simaları. Bir "ulduz”un dəvətinə milyonlar xərcləyən milyarder məgər bu vəsaiti kimsəsizlərə, evsiz-eşiksizlərə sərf edə bilməzdi? Dünyada zəlil vəziyyətdə olan bunca insan olduğu halda, var-dövləti bir gecəlik şadyanalığa xərcləmək insanlıq nümunəsimi?!
Hollivud "ulduzu” Ancelina Coli başına qara bağlayıb Əfqanıstanı, Somalini, Suriyanı gəzir, əlini ac-yalavac uşaqların saçına çəkir, amma biz bircə dəfə də olsun AST Telmanı Azərbaycanın qaçqın uşaqlarının xətrini soruşan görmədik. Milyonları "ulduzlar”ın bir gecəlik qonaqlığına səpələyən şəxs milyon qaçqından bircəsinə bir manat xərcləyibmi görəsən? Bir məktəb açıbmı ki, xalqın övladları savadlansın? Kiminsə təhsil haqqını ödəyib savab qazanıbmı? Bilmirik...
Qadın qədər kişiliyə
sahib olmayanlar...
Azərbaycanda xeyriyyəçilər tarixən olub. Zəmanəsinin milyonçusu Hacı Zeynalabdin Tağıyevin messenatlığı hər kəsə məlumdur. Bütün digər xeyriyyəçi əməlləri ilə yanaşı, Hacının Qız məktəbi açması tarixdə onun adının qızıl hərflərlə yazılmasına əsas ola bilərdi və oldu da. Neft milyonçusu Murtuza Muxtarov da "Realnı məktəb”inin və Qadın Gimnaziyasının hamisi olmuşdu.
İlisunun ən varlı adamı Məhəmməd bəy Əfəndiyevin oğlu Həmzət Əfəndiyev kənddə öz vəsaiti hesabına məktəb açmışdı ki, el-obasının övladları oxuyub savada yiyələnsin. Belə nümunələr kifayət qədərdi.
Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə anasının yas mərasimi ilə bağlı toplanmış vəsaiti bütünlüklə ianə şəklində yetimxananın hesabına köçürübmüş. Tarixdə bənzər nümunələr çoxdur.
Amma ən təsirlisi Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə xanımın xalqı, ölkəsi üçün etdikləridir. Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edirmiş. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır. Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırmış: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdı. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”. Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir. Həmidə xanım 1912-ci ildə Şuşa qəzasının Kəhrizli kəndində şəxsi vəsaiti hesabına məktəb açır və orada dərs deyir.
Günümüzdə də buna bənzər nümunələr var. Təsadüfən belə bir məlumata rast gəldik ki, millət vəkili Cavanşir Feyziyev Şəkidə - anadan olduğu Böyük Dəhnə kəndində öz vəsaiti hesabına 620 yerlik məktəb tikdirib. Bu onu göstərir ki, ürək genişliyinin və comərdliyin var-dövlətlə əlaqəsi yoxdur. Kimisi bir manatını da sədəqə verir, kimisi də, milyonlarından ehtiyaclı birisinə bir manat ayırmağa ürək eləmir.
Xaricdə yaşayan, milyonlar qazanan, adları dünyanın varlı adamları ilə bir sırada çəkilən Azərbaycan əsilli dövlətlilər çoxdur. Amma nə yazıq ki, onların adının qarşısında Azərbaycan sözü, sadəcə "Azərbaycan əsilli” olduqlarına görə yazılır. Azərbaycan əsilli olsalar da, ƏSİL azərbaycanlı deyillər, təəssüf ki!..
Məlahət Rzayeva