Azərbaycanlı milyarder Mübariz Mənsimovun işləri yaxşı getmir. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Palmali”nin sahibi olan məşhur biznesmenin Rusiya prezidenti Vladimir Putinlə münasibətinin pisləşməsi səbəbindən maddi sıxıntı keçirdiyi bildirilir. Hətta Mənsimovun "Palmali Havacılık” adlı şirkətinə məxsus təyyarələri satdığı qeyd edilir.
Türkiyə mediasının xəbərinə görə, "Palmali Havacılık”ın 5 təyyarəsi var və onlardan 2-si internetdə satışa çıxarılıb. Qiyməti açıqlanmayan təyyarələrdən "Falcon 2000S” modelinin 25 milyon dollar, "Falcon F7” modelinin isə 50 milyon dollar qiymətinin olduğu qeyd edilir.
Bu arada Muğlanın Bodrum rayonundakı M.Mənsimovun 370 milyon lirəyə "Cennet Köyü” adlı layihəsi dövlət nəzarətinə götürülüb. İş adamının bu layihəni başa çatdırsa da, dövlətə ödəməli olduğu vəsaiti tapmadığına görə məhkəmə layihəni ən çox pul təklif edən ikinci şirkətə verə bilər.
Bundan başqa bir vaxtlar "Forbes"in ən varlılar siyahısında özünə yer etmiş M.Mənsimovun şəxsi sərvətinin də durmadan azaldığı xəbəri verilir. Builki siyahıda onun sərvətinin 1,3 milyard dollaradək azaldığı və dünya sıralamasında 1415-ci yerə gerilədiyi məlum olur.
200-dən çox neft tankerinə sahib olan məşhur biznesmenin artıq otel və yaxtalarını, eləcə də digər turizm obyektlərini satmağa çalışması da sərvətini xilas etmək məqsədi kimi təqdim edilir.
Türkiyə mətbuatının başqa bir iddiası da maraq doğurur. Bildirilir ki, Mənsimovun işlərinin zəifləməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı da ziyana salacaq. Belə ki, əmisi və yeznəsi ilə birlikdə qurduğu BMZ Qrup Dənizçilik şirkətinin sahibi olduğu 5 yük gəmisini 10 illiyə Mübariz Mənsimova icarə verən Bilalın da işlərinin zəifləyəcəyi yazılır.