Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr verib.
Əmrə əsasən, rektorlar imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməli, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər.
Əmrdə bildirilib ki, rektorlar rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar. Nazirliyin müvafiq şöbələri ali təhsil müəssisələrində imtahan sessiyasının monitorinqini təşkil etməlidirlər.
Bəs, ekspertlər necə düşünür, imtahan qərargahı baş verən qanun pozuntularının qarşısını ala biləcəkmi?
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bu cür üsullarla neqativ halların qarşısını almağın mümkün olmayacağını bildirib: "Düşünürəm ki, müvafiq qaydalarla neqativ halların qarşısını almaq qeyri-mümkündür. Biz bunu illərdir məktəblərdə, universitetlərin təcrübələrindən görmüşük. Yaradılan imtahan qərargahlarının müsbət təsirini görmək üçün bunun işləmə mexanizmi təklif edilməlidir. Əgər o qərargahda neqativ halların baş alıb getdiyi o universitetlərin müəllimləri olacaqsa, onun fəaliyyət göstərməməsi daha yaxşı olardı. Kənardan digər ekspertlərin dəvət edilməsi, müstəqil vətəndaşların, hansı ki, bu qüsurları kənardan daha gözəl görüblər və qarşısını alma yollarını daha yaxşı bilirlər, bax bu şəxslər həmin qərargahda yer alarsa, müəyyən qədər bu neqativ halların qarşısı alına bilər. Ancaq yenə də qeyd edim ki, başqa bir metod, yol düşünmək lazımdır ki, universitetlərdə dediyimiz hallar baş alıb getməsin”.
M.Mürşüdlü Təhsil Nazirliyi yanında ictimai şuranın yaradılmasını təklif edərək deyib ki, ancaq bu yolla neqativ halların müəyyən qədər qarşısını almaq olar: "Təklif edərdim ki, Təhsil Nazirliyi yanında ictimai şura yaradılsın. Bu ictimai şura bütün il ərzində universitetlərdə həmin proseslərin yerinə yetirilməsinə həm nəzarət etsin, həm də yardım göstərsin. Yəni il boyu bu iş aparılmalıdır ki, dediyimiz hallar baş alıb getməsin. 2012-ci ildə prezident belə bir qanun imzalamışdı və bu qanun artıq qüvvədədir. Təhsil Nazirliyi yanında ictimai şuralar yaradılmalıdır. İctimai şuraların funksiyalarından biri hər il maarifləndirmə olmalı, eyni zamanda da neqativ halların qarşısının alınması üçün təklif mexanizmi işləməsi olmalıdır. Kampaniya xarakterli qərargahlar inzibati xarakter daşıyır və həmin halların qarşısını müəyyən mərhələdə ala bilir. Təcrübələrdə də görünüb ki, bu kimi halların qarşısı ilkin 1 həftə və ya 1 ay müddətinə alına bilir. Düşünürəm ki, ictimai şuraların yaradılması, ictimai iştirakçılara geniş yer verilməsi, yəni qəbul imtahanlarının, həm semestr imtahanlarında, həm təlim prosesi zamanı ictimai iştirakçılığa geniş yer verilməlidir. Məsələn, müstəqilliyimizin ilk illərində elə universitetlər vardı ki, obyektivliyi qorumaq xatirinə valideynlərə qəbul imtahanlarında iştirak etməyə icazə verirdilər. Düşünürəm ki, bu gün də belə bir mexanizmdən istifadə etmək lazımdır”.
Azərbaycan Turizm Universitetinin tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Məhərrəm Zülfüqarlı isə imtahan qərargahlarının yaradılmasının yeni addım olmadığını deyib. Onun sözlərinə görə, indinin özündə də hər imtahan sessiyasında ali məktəblərdə belə komissiyalar fəaliyyət göstərir: "Bizim universitetdə hər il imtahan sessiyası zamanı Apelyasiya Komissiyası yaradılır.
İmtahan nəticələrindən narazı qalan tələbə ərizə yazaraq həmin Komissiyaya müraciət edir və onun işi yenidən yoxlanılır. Operativ qərargah da təxmini belə bir prosesdir. Amma adının nə olmasından asılı olmayaraq, imtahan sessiyalarında belə bir Komissiyanın yaradılmasını müsbət dəyərləndirirəm”.
Şəymən