“Manatın dəyəri yavaş-yavaş düşəcək”

Natiq Cəfərli: “Devalvasiya başlayan kimi ərzaq bazarında qiymət artımının şahidi olacağıq”
“Yaxın illərdə neftin qiymətinin bir daha il yarım bundan əvvəlki qiymətlər səviyyəsinə qalxması inandırıcı deyil. Bəlkə də, heç görməyəcəyik”


Son günlər diqqət mərkəzində olan mövzulardan biri dünya bazarında neftin qiymətinin ucuzlaşması və dolların bahalaşmasıdır. Dünya bazarında neftin qiymətinin düşməsi əksər ölkələrdə olduğu kimi neft ixrac edən Azərbaycanda da müəyyən narahatlıq yaradıb.

Neftin qiymətinin Azərbaycan iqtisadiyyatına təsiri və "üzən manat” haqqında "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli 2016-cı ili Azərbaycan iqtisadiyyatı üçün müstəqillik dövrünün ən ağır ili olacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, neftin bu qədər ucuzlaşması iqtisadiyyatın böyük hissəsi neft-qaz sektorundan və bu sektordan əldə edilən gəlirlərdən asılı olan Azərbaycan üçün mənfi tendensiyalar yaradacaq. Natiq Cəfərli deyib ki, neftin qiyməti kəskin aşağı düşərsə, ölkə iqtisadiyyatı müəyyən problemlər yaşaya bilər...

Qeyd edək ki, dünən üçün dünya bazarında neftin qiyməti anti- rekord həddə çatıb. Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin 2016-cı ilin yanvar ayına olan fyuçersinin dəyəri 0,54 faiz və ya 0,20 dollar azalaraq 36,86 dollara düşüb. Bu arada ticarət əməliyyatları zamanı neftin qiymətləri 7 illik minimuma düşərək 38,88 dollar olub.

WTI (West Texas İntermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda ötən günlə müqayisədə 1,37 faiz və ya 0,48 dollar geriləyərək bir barel üçün 36,28 dollar təşkil edib. Sonuncu dəfə neftin qiyməti bir barel üçün 36 dollar 78 il əvvəl olub.

- Natiq bəy, neftin qiyməti hər keçən gün ucuzlaşır. Bu proses nə qədər davam edə bilər?

- Çox təəssüf ki, qiymətlərin enməsi ehtimalı çox yüksəkdir. Biz hələ uzun müddət dünya bazarında mövcud tendensiyanı müşahidə edəcəyik. Çünki bazarda həddindən artıq neft bolluğu yaranıb. Hətta müşahidə edilən bir neçə amil var ki, onların bazara təsiri daha böyük olacaq. Yanvar ayından sonra İranın daha çox neft satma və bazara çıxma ehtimalı var. Artıq bu istiqamətdə kontaktlar da bağlanır. 70 milyon barel hazır nefti var. Hazırda Liviyada istehsalat 300 min barelə qədər enib. Halbuki ölkənin neft potensialı 1,5 bareldir. Bu məsələ ilə bağlı Romada danışıqlar gedir. Çox güman ki, bu danışıqların yekununda Liviyada istehsal bərpa olunacaq və bazara daha artıq neft çıxaracaq. Üstəlik də Amerika Birləşmiş Ştatları 40 ildən üzü bu yana neft ixracına qoyduğu qadağanı ləğv edib. Bunun da neft bazarına həm psixoloji, həm də real təsirləri olacaq. Federal Ehtiyat Sisteminin (FED) məlum qərarından sonra dolların bahalaşması prosesi gedir ki, bunun da neftin ucuzlaşmasına müəyyən qədər təsiri var. Bütün bunlara istinadən neftin qiymətinin uzun müddət aşağı olacağını deyə bilərəm.

- Yəni neftin qiyməti hansı həddə kimi düşər?

- Təbii ki, aşağı hədd var. İstənilən halda neft istehsalçılarının əməliyyat xərcləri, maya dəyəri nəzərə alınmalıdır. Yaxın aylarda neftin qiymətinin 30 dollardan aşağı düşmə ehtimalı var. Amma neftin uzun müddət 30 dollardan aşağı qiymətdə qalması mümkün deyil. Hesab edirəm ki, gələn ilin 2-ci rübündən sonra neftin qiyməti 40- 45 dollara qədər yenidən yüksələ bilər. Ən azından belə bir ehtimal var. Amma yaxın illərdə neftin qiymətinin bir daha il yarım bundan əvvəlki qiymətlər səviyyəsinə qalxması inandırıcı deyil. Bəlkə də, heç görməyəcəyik.

- Niyə?

- Çünki dünyada alternativ enerji mənbələri tapılmaqda və sürətlə davam etməkdədir. Günəş, külək enerjisinin maya dəyəri sürətlə aşağı düşür. 5-6 il bundan əvvəl günəş enerjisinin maya dəyəri 20 sent civarında idi. Amma indi 1,6 sentə düşüb və neftdən alınan enerjidən də ucuz başa gəlir. Avtomobil sənayesində də inqilabi dəyişikliklər baş verir. Hidrogen və elektrik enerjisi ilə işləyən avtomobillərin sayı getdikcə artır. Bütün bu amillər də neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalmasını özündə ehtiva edir.

- Valyuta ehtiyatlarımız niyə azalır?

- Valyuta ehtiyatlarımızın azalmasını bir səbəblə izah etmək mümkün deyil. Bunun bir neçə səbəbi var. İlk səbəb fevral ayındakı kəskin devalvasiya ilə bağlıdır. Devalvasiya manata olan güvəni xeyli dərəcədə zəiflətdi və ölkədə dollarlaşma prosesi getdi. Əmanətlər sürətlə dollara çevrildi, daşınmaz əmlak və avtomobil bazarındakı satışlar əvvəllər olduğu kimi yenidən dollara qayıtdı. Eyni zamanda, ölkədən xaricə kapital axını sürətləndi. Rusiyada işləyən həmyerlilərimiz uzun illər orada qazandıqları pulun bir hissəsini Azərbaycana göndərirdilər. Onlar da həmin vəsaiti daşınmaz əmlaka, qızıla yatırırdılar. Rusiyada vəziyyət pisləşəndən sonra isə həmin iş adamları öz bizneslərini ayaqda saxlamaq üçün Azərbaycanda qoyduqları yatırımların bir hissəsini ölkədən çıxarmaq məcburiyyətində qaldılar. Ətraf ölkələrdə daşınmaz əmlakın qiymətində xeyli ucuzlaşma olduğu üçün Azərbaycan vətəndaşlarının bir qismi ölkədən valyuta çıxararaq qonşu ölkələrdə mənzil almağa üstünlük verirlər. Türkiyənin əmlak bazarında aktivliyinə görə azərbaycanlılar ilk üçlüyə daxil olub. Neftin qiymətinin ucuzlaşması səbəbindən ölkəyə idxal olunan mallarla ölkədən ixrac olunan malların qiyməti az qala bərabərləşib. Bu amillərin də hər biri öz növbəsində manata ciddi basqı yaradır. Əsas basqılardan biri də ətraf ölkələrdə devalvasiya sürətlənməsidir ki, bunun da Azərbaycana psixoloji təsirləri var. Təəssüf ki, valyuta ehtiyatlarımızın azalması prosesi də davamlı olacaq, hətta deyərdim ki, artan xətlə gedəcək.

- Manat yenidən devalvasiyaya uğrayacaqmı?

- Hazırkı mərhələdə manatın dəyərdən düşməsi qaçılmazdır. Məzənnənin saxlanması üçün xərclənən vəsaitlərin bir həddi var və Mərkəzi Bank bu həddi keçmək üzrədir. Neftin qiymətinin 40 dollardan aşağı düşməsi fonunda manatın dəyərdən düşəcəyi ilə bağlı proqnozları dəfələrlə Maliyyə naziri və MB sədri də bəyan etmişdi. Yuxarıda da qeyd etdiyim kimi, dünyada dollar bahalaşır və bu, manatdan təsirsiz ötüşməyəcək. Amma istənilən halda Mərkəzi Bank və hökumətin fevral ayındakı kimi kəskin addım atacağını zənn etmirəm. 34-35 faizlik devalvasiya Azərbaycan iqtisadiyyatına çox böyük ziyan vurdu. İqtisadiyyatımız və bank sektoru bunu hələ də həzm edə bilməyib. Ticarət dövriyyəsi azalıb, gəlirlər aşağı düşüb, pərakəndə satış yerləri kütləvi şəkildə qapanır. Manatın dəyəri üzən məzənnə prinsipinə uyğun olaraq, yavaş-yavaş düşəcək. Çox güman ki, yaxın zamanlarda artıq bu prosesə start verəcəklər.

- Neftin ucuzlaşması və manatın dəyərdən düşməsi fonunda ərzaq bazarından gözləntiləriniz nədir?

- Məzənnənin dəyişməsi ərzaq bazarına çox ciddi təsir göstərəcək. Xaricdən idxal olunan ərzaqların qiymətində müəyyən artımlar olacaq. Ən pisi də odur ki, bizim ərzaq bazarımız idxaldan çox asılıdır. Hətta yerli məhsulların istehsalında belə xaricdən gətirilən xammaldan istifadə olunur. Ən çox satış mərkəzlərində görünən yerli məhsullarımız çay və süd məhsullarıdır ki, onların da hazırlanmasında istifadə olunan xammal xaricdən gətirilir. Ona görə də, devalvasiya başlayan kimi ərzaq bazarında qiymət artımına şahid olacağıq.

- Gələn il bank sektoru üçün nə vəd edir?

- Həm dövlət nəzarətində olan, həm də özəl banklarda kütləvi ixtisarlar olacaq. Yalnız elə Beynəlxalq Bankda 30-35 faiz ixtisarlar gözlənilir. Artıq bunun anonsu da verilib. İndidən bir çox banklar regionlarda olan filiallarının sayını azaldır, ofislərini bağlayırlar. Hesab edirəm ki, 2016-cı il bank sektoru üçün həddindən artıq ağır il olacaq. Hətta bir çox banklar müflisləşərək bazardan çıxacaq, obrazlı desək, kiçik banklar böyük banklar tərəfindən udulacaq.

- Daşınmaz əmlak və avtomobil bazarını nə gözləyir?

- Daşınmaz əmlak bazarında çox ciddi durğunluq var. Qiymətlər sürətlə aşağı düşür, satış isə dayanmaq üzrədir. Xüsusən də, elit seqmentdə vəziyyət daha acınacaqlıdır. Ötən illə müqayisədə 30-35 faiz ucuzlaşma hiss olunur. Hansı ki, proses hələ sona çatmayıb və bu ucuzlaşma gələn il daha sürətlə davam edəcək. Birotaqlı, ikiotaqlı və şəhərin kənarındakı mənzillərin ucuzlaşması daha az hiss olunur. Çünki həmin tipli evlərə hələ də tələbat var. Ancaq şəhərin mərkəzinə yaxın evlər, villalar və çoxotaqlı mənzillərdə gələn il kəskin qiymət enməsi olacaq. Bunun da səbəbi mənzil bazarında əsas oyunçu olan Rusiyadan gətirilən pulların həcminin 7 dəfədən çox azalmasındadır.

Şəymən