“Şəhidlərin məzarı yanında bayraq asılsın”

Vitse-spiker Aqil Abbasın təklifini dəstəkləyib



Parlamentin iclasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə haqqında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, I vitse-spiker Ziyafət Əsgərov məlumat verib. Z.Əsgərov deyib ki, layihənin məqsədi hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir.

1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, "Şöhrət” ordeni və "Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın dövlət bayrağı ilə örtülür. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravul düzülə bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək.

Bundan başqa, nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Dəyişikliyin müzakirəsinə qatılan millət vəkili Aqil Abbas təklif irəli sürüb. Deputat bildirib ki, Türkiyədə şəhid harada basdırılmasından asılı olmayaraq, onun qəbrinin yanına bayraq qoyulur: "Türkiyənin bu ənənəsi çox yaxşıdır və həmin qəbiristanlığın yanından keçərkən orada şəhidin yatdığı məlum olur. Təklif edərdim ki, biz də belə edək. Şəhidlərimiz öz elində-obasında basıdırılarkən onun qəbrinin yanında bayraq asılsın. Bu, eyni zamanda şəhidə göstərilən böyük ehtiramdır”.

Vitse-spiker deyib ki, A.Abbasın qaldırdığı məsələ maraqlıdır və gələcəkdə dəfn mərasimində xüsusi guşənin yaradılması mümkün ola bilər. "Lakin hələlik əlimizdəki qanun layihəsi budur və bu təkliflər gələcəkdə nəzərə alına bilər”. Müzakirələrdən sonra qanuna dəyişiklik səsə qoyularaq qəbul olunub.

Anar