Xəstə can hayında, “həkim” pul...

Qanunsuz dərmanları reklam edənlər 2 min manat cərimələnəcək
Adil Qeybulla: “Cərimələrin artırılması bu sahədə müsbət dəyişikliyə səbəb olacaq”


Müvafiq icra orqanı tərəfindən tətbiqinə icazə verilməmiş müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarını, həmçinin həkim resepti əsasında buraxılan dərman vasitələrini reklam edənlər 2000 manatadək cərimə oluna bilər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcəyi gözlənilir. Məlumdur ki, hazırda demək olar bütün telekanallarda özəl klinikaların reklamı gedir. Əksər layihələrin baş sponsoru məhz klinikalar, ya da müxtəlif dərman preparatlarıdır. Aparıcılar klinikaların müalicə-diaqnostika metodlarını uzun bir siyahı şəklində təqdim edirlər.

Bəzən bu klinikalar möcüzə məkanı kimi təqdim olunur. Sonsuzluq problemi yaşayan ailələr hansısa klinikalara uca səslə dəvət edilir; "gəlin, qucağınızda körpə qayıdacaqsınız”.

Mütəxəssislərsə bu kimi hallara görə cərimələrin tətbiqini tamamilə doğru addım sayır. Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla da bu fikirdədir ki, rəsmi icazə olmadan heç bir tibbi metod, diaqnostika və ya müalicə üsulu reklam edilə bilməz:

- Xatırlayırsınızsa, lisenziyada göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə də cərimələrin miqdarı artırıldı. Səhiyyə Nazirliyi bir neçə özəl klinikanın fəaliyyətini məhz lisenziyadankənar işlərlə məşğul olduqlarına görə dayandırdı. Zaman-zaman belə hallar üzə çıxır. Təbii ki, klinika lisenziyasında göstərilməyən fəaliyyət növü ilə məşğul olmamalıdır. Bu, qanunsuzdur. Belə faktlara görə cərimələrin miqdarının artırılması da doğru addımdır. Eləcə də tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarına görə də cərimələrin tətbiqi doğru addımdır. Problem bundadır ki, tibb müəssisələrinə müraciət edən pasiyentlər bundan xəbərsiz olur. Pasiyent bilmir ki, hansı xidmət növünə, yaxud müalicə metoduna icazə var, hansına yoxdur. Klinikalar çox yaxşı reklam olunurlar, pasiyentlər də həmin tibb müəssisələrinə müraciət edir. Hansısa klinika əgər icazəsiz xidmət növü ilə məşğul olursa, bu, pasiyentlərin həyatına və sağlamlığına riski də artırır. Məhz lisenziyadan kənar göstərilən xidmət növü olduğu üçün o klinikalarda həmin sahə üzrə mütəxəssislər işləmir, həmin sahəyə uyğun tibbi avadanlıqlar da çox vaxt mövcud olmur. Bu da pasiyentin həyatı üçün real təhlükədir. Hesab edirəm ki, qanunsuz müalicə metodlarına görə cərimələrin artırılması bu sahədə müsbət dəyişikliyə səbəb olacaq. Həkim də, pasiyent də bilməlidir ki, ölkədə hansı dərman preparatlarına qadağa yoxdur və hansı müalicə üsullarından istifadəyə rəsmi icazə verilir. Yoxsa, biri ekrana çıxıb "dünyada analoqu olmayan aparat”ı və ya hansısa dərman preparatını reklam edir. Bu dərman harda yoxlamadan keçirilib, mənfi və ya müsbət tərəfləri hansılardır, hansı qurum tərəfindən onun satışına, reklamına icazə verilib, tamaşaçı, pasiyent bunu bilmir. Problem yaradan da belə məsələlərdir.

Qeyd edək ki, bir müddət öncə Milli Televiziya və Radio Şurası da "Reklam haqqında” qanunun tələblərini pozan telekanallarla bağlı ciddi tədbirlər görüləcəyini bildirmişdi. Təbii ki, burada özəl klinikaların, müalicə vasitələrinin, dərman preparatlarının qanunsuz reklamından da söhbət gedirdi. Çox güman ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təsdiqlənəcəyi təqdirdə telekanallar reklam işlərinə yenidən baxmalı olacaq. Tamaşaçıların da canı özəl klinika reklamlarından qurtulacaq.

Məlahət Rzayeva