Milli valyutanın devalvasiyası nəticəsində "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin həyata keçirdiyi aviareyslərə biletlərin qiyməti manat ekvivalentində adekvat səviyyədə bahalaşıb. AZAL-dan isə bildirilib ki, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz qalıb:
"Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyuta ilə həyata keçirilməli olduğu üçün biletlərin qiyməti İATA-nın şərtlərinə əsasən Azərbaycan Mərkəzi Bankının avronun rəsmi məzənnəsinə uyğun ödəniləcək. Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda əvvəlki qiymətlər dəyişməz qalıb”.
AZAL-ın yeritdiyi qiymət siyasətini şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, AZAL-ın bahalaşmanı yüksək səviyyəyə çatdıracağı şübhə doğurmur: "İnhisarçı şirkət olduğu üçün bazarda təkdir və istədiyi qiymət siyasətini həyata keçirməkdə sərbəstdir. Azərbaycanda aviabilet qiymətlərinin kökündə bu məsələ durur. Bilet bazarında AZAL-a rəqib şirkətlər olsa dünya bazarında gedən proseslərin yansımaları daha az olar”.
Ekspertin sözlərinə görə, AZAL-ın daxili reyslərdə qiyməti qaldırması ehtimalı çox gülünc görünür. Çünki daxili reyslərdə xidmət haqqı manatladır. Bu baxımdan heç bir qiymət artımından söhbət gedə bilməz. Amma xarici reyslərdə xidmət haqqının ödənilməsi də xarici valyuta ilə həyata keçirilir. Həmin ödəmələrin məzənnəyə görə dəyişməsini əlində rəhbər tutaraq AZAL aviabiletlərin qiymətinin qaldırılması təşəbbüsü ilə çıxış edəcək. Bu birmənalıdır: "Qiymətlərin devalvasiyaya görə qalxması ehtimalı var. Lakin aviaterasilin qiyməti də düşüb axı? Son il yarımda dünya bazarında aviaterasilin qiyməti təxminən 3 dəfəyə yaxın aşağı düşüb. Dünyanın bir çox şirkətləri bundan istifadə edərək aviabiletləri xeyli dərəcədə ucuzlaşdırıblar. Son bir ildə türk lirəsinin az qala 60 faizə yaxın dəyərdən düşməsinə baxmayaraq Türk Hava Yolları ildə iki dəfə aviabiletlərin qiymətində endirim kampaniyaları keçirir. Ona görə də AZAL-ın məzənnə dəyişməsini bəhanə edərək qiymətləri mütləq şəkildə qaldırmasını düzgün hesab etmirəm. Türkiyə örnəyində görürük ki, bazarda rəqabət mühiti olanda qiymətlərin tənzimlənməsi təbii yolla baş verir. Aviaterasilin qiyməti aşağı düşdüyü üçün hazırda Türk Hava Yolları Avropa şəhərlərinə 99 avroya bilet satır. Bəs AZAL niyə qiymətləri ucuzlaşdırmır? Bütün problemlərn həlli bu sualın cavabındadır”.
N.Cəfərlinin sözlərinə görə, AZAL manatın devalvasiyasını əlində əsas tutaraq qiymət artımına getsə belə, aviabiletlər 3-5 faiz bahalaşmalıdır: "Xarici reyslərdə xidmət haqqı bilet dəyərinin 10-15 faizindən artıq etmir. Ola bilsin ki, qiymət artımı burada olsun. Ancaq AZAL-ın öz arqumentləri olur. Hər halda rəsmi açıqlamaları izləmək lazımdır. Ancaq istənilən halda problemin köklü həlli bazarda rəqabətin formalaşdırılmasından ibarətdir”.
Şəymən