İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir. İranın Rabitə Nazirliyindəki mənbədən "Trend”ə verilən məlumata görə, artıq səfərin hazırlıqlarına başlanılıb. Xatırladaq ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti İranda səfərdədir.
Ruhaninin Azərbaycan səfərini şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, İranla Azərbaycan arasında müzakirə olunacaq çox mövzular var. Xüsusən də, Xəzər dənizinin statusu və ikili əməkdaşlıq məsələsi prioritet olacaq: "İran istəyir ki, Azərbaycan neftçiləri onun ərazisində geoloji ekspedisiya işləri aparsın. Eyni zamanda, Azərbaycan bazarı İran üçün kifayət qədər əhəmiyyətli bazarlardan biridir və mal satmaq istəyir. İran Cənubi Azərbaycan məsələsində də fikir mübadiləsi aparmaq istəyir. Çünki onlara elə gəlir ki, Güneydəki soydaşlarımızı ayağa qaldıran bizik. Nardaranda baş verən proseslərin də müzakirə predmeti olacağı istisna deyil”. Politoloq deyib ki, səfər çərçivəsində Azərbaycanla İran arasındakı münasibətləri daha da möhkəmləndirmək xarakteri daşıyacaq: "İran öz qazını TANAP layihəsi çərçivəsində Avropa bazarına çıxarmaq üçün Azərbaycanla razılığa gələ bilər. Bu, İran üçün çox sərfəlidir. Çünki bu gün qaza ən yaxşı qiymət Avropa bazarlarında verilir”.
Şəymən