Gənc qızın mesajı ürəkləri dağladı 

Məzar daşıma “bu, ilk ölümüm deyil” yazarsınız


İlhan ailəsi qızları Bahriyə Buket İlhanın itkin düşməsiylə bağlı polisə müraciət edib. Müraciət əsasında axtarışa başlayan polis 20 yaşlı Buketin cansız bədənini Konya şəhərinin Ərikli bölgəsindəki Quzuquyu yolunda, Hortu məzarlığı yaxınlığındakı boş ərazidə, başından tapança ilə vurulmuş halda aşkarlayıb. Buketin anası Səlma İlhan “qızımın sevgilisi olduğu iddia edilən adamın bir həftə öncə qızımla tanış edildiyini və məqsədlərinin də qızıma tələ qurmaq olduqlarını hər kəsə duyurmaq istəyirəm” deyib.

Hadisə ilə bağlı şübhəli bilinən 3 nəfər istintaqa cəlb edilib. Buketin dostu olduğu bildirilən Batuhan B, onun dostu Sərkan Ş. və atası Abdullah Ş.Batuhan polisə ifadəsində gənc qızın intihar etdiyini deyib: “Buketlə mən avtomobillə məzarlığın qarşısındakı boş əraziyə gəldik. Buket orada intihar edəcəyini söylədi və çantasından tapança çıxarıb başına dayadı və atəş açdı. Buket qanlar içində yerə yıxıldığında tapançanı əlindən götürüb mən də intihar etmək istədim, ancaq sonra panikaya düşdüm və dostum Sərkana zəng etdim.

Sərkan və atası gəldilər. Tapançanı onlara verdim. Onlar da gizlətdilər”. İfadələri alınan 3 nəfər barəsində həbs qərarı verilib. Əmniyyət Müdürlüyü Bahriye Buket İlhanın ərazidə tapılmış mobil telefonundakı mesajları da incələyəcək. Buketin sosial media üzərindən paylaşımları da diqqət çəkib:

“Bu həyata tutunmaq üçün çox çaba sərf etdim. Kim nə deyirsə, desin, çox uğraşdım. Yenidən sevə bilmək, sevilmək üçün çalışdım, əlimdən gələni etdim. Mən bacarmadım. Amma ümid edirəm ki, siz bacaracaqsınız. Bu həyat mənə çox ağır gəldi. Daşıya bilməyəcəyim yükləri verdi. Bacarmaram dedim, “bacararsan” dedi. Məni sevən, yanımda olan hər kəsdən üzr diləyirəm. Ağladığıma görə əsəbiləşdiniz, küsdüyüm üçün küsdünüz, amma bilin ki, hamısı yardım çağırışları idi. Siz duymadınız. Anam, ən çox səndən üzr istəyirəm, nə olar, məni bağışla! Amma mən daha dözə bilmirəm. Məni bu yaşıma qədər böyütdün. Əgər sən olmasaydın, bura qədər dözə bilməzdim. Haqqınızı halal edin. Hamınızı çox sevirəm, bağışlayın. Xüsusi qeyd: Məzar daşıma “bu, ilk ölümüm deyil” yazın. Vəsiyyətim olsun”. 

Buketin anası Səlma İlhan da sosial media hesabında qızının ölümü ilə bağlı mesaj paylaşıb. Ana bu sözləri yazıb:

“Buradan hamıya səslənirəm. Mən illərlə zəhmət çəkib böyütdüyüm qızımı itirdim. Başqalarının övladlarını itirməsini istəmirəm. Övladlarını zalım, ac qurdlara yem etməsinlər. Belə canilərin əlini-qolunu sallayaraq sərbəst gəzməməsi üçün bütün vəzifəlilərdən dəstək gözləyirəm”. Qızına tələ qurulduğunu iddia edən ana, mesajının davamında qızının sevgilisi olduğu iddia edilən adamla Buketin ölümündən sadəcə bir həftə əvvəl tanış edildiyini və məqsədlərinin də qızı tələyə salmaq olduğunu yazıb. Ana insanlardan bu faciəyə həssas yanaşmalarını, bilmədən qızını da, onu da ittiham etməkdən çəkinmələrini istəyir: “Ədalət istəyirəm. Gənc qızlar tələyə düşməsin. Məsum övladlarımızın qanı yerdə qalmasın”.