"ABŞ-ın Suriyada fəaliyyət göstərən radikal silahlı müxalifətlə razılaşma əldə etməsi mümkün deyil". "Ria-Novosti"nin xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Suriyada vəziyyətin daha da gərgin olduğunu deyən Lavrovun sözlərinə görə, silahlı müxalifət ölkəni parçalamağa çalışır: "Bizdə olan məlumata görə, 13 səhra komandiri bəyan edib ki, Azad Suriya Ordusunun bir qanadı olan Milli koalisiyaya tabe olmayacaqlar".
Onun sözlərinə görə, müxalif qruplar Suriyada şəriət qanunları idarə olunan bir dövlət qurmaq istəyirlər: "Bu günlərdə 40-dan çox silahlı qruplaşma bir araya gələrək "İslam Cəbhəsi" adlanan cəbhə yaratmaq barədə razılaşma əldə ediblər. Onların baxışları Azad Suriya Ordusu və bu ordu ilə birgə hərəkət edən dünyəvi müxalifətin mövqeyi ilə deyil, məhz "Əl-Qaidə" təşkilatının baxışları ilə daha yaxındır. Buradan belə aydın olur ki, bu cihatçılar və radikallar tək Suriya ilə deyil, bütün dünya ilə müharibə aparırlar. Buna görə də belə düşünürəm ki, amerikalılar bu adamlarla danışıqlar apara bilməzlər". Lavrov qeyd edib ki, Amerika, Avropa və region ölkələri Rusiyanın Suriya ilə bağlı mövqeyini dəstəkləyəcəklər.