Azərbaycanın ilk prezidenti də səs verdi

Ayaz Mütəllibov səsverməyə xanımı Adilə Mütəllibova ilə birgə gəlib

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 17 saylı Yasamal seçki dairəsinin 26 saylı məntəqəsində səs verib. "Media forum” saytının məlumatına görə, Ayaz Mütəllibov səsverməyə xanımı Adilə Mütəllibova ilə birgə gəlib. Məntəqədə onların barmağına mürəkkəb vurulan zaman sabiq dövlət başçısı xanımına deyib ki, bunlar hamısı yeniliklərdir, sovet dövründə belə şeylər yox idi. Səsvermədən sonra Ayaz Mütəllibov "Media forum” saytına açıqlama verib. O bildirib ki, əhvalı yaxşıdır, seçkiyə böyük ruh yüksəkliyi ilə gəlib: "1992-ci ildən bəri ilk dəfədir Azərbaycanda keçirilən seçkidə iştirak edirəm. Moskvada yaşadığım mühacirət illərində heç vaxt Azərbaycanda keçirilən seçkilərdə iştirak etməmişəm. Çünki həmin müddətdə heç bir sənədim olmayıb. Bu gün vətəndaş kimi səsvermə hüququmdan istifadə etdiyimə görə çox məmnunam. Eyni zamanda sərbəst şəkildə, azad formada seçim etmişəm. Vətəndaşlara belə seçki şəraitinin yaradılmasından da məmnunam. Uzun müddətdir seçkidə iştirak etmədiyimə görə ilk dəfədir ki, yeniliklərin, o cümlədən barmağa mürəkkəb vurulmağının şahidi oluram”. "Kimə səs verdiniz” sualını Ayaz Mütəllibov belə cavablandırıb: "Səsvermə gizli keçirilir. Ona görə də kimə səs verdiyimi açıqlamaq istəmirəm. Amma namizədlər arasında ən tanınmışına, ən layiqlisinə, ölkənin inkişafını təmin edən, beynəlxalq aləmdə nüfuzunu artıran namizədə səs vermişəm”. Seçkilərin ölkənin həyatında mühüm yer tutduğunu, gələcək taleyin müəyyənləşdirilməsində ciddi rol oynadığını vurğulayan Azərbaycanın birinci prezidenti xalqı 9 oktyabr prezident seçkisində fəal iştirak etməyə çağırıb.