Qanvermə üçün yerlər ayrılıb

QMİ-si aksiya keçiriləcək məscid və ziyarətgahların adını açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayı ilə əlaqədar qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. QMİ-nin mətbuat xidmətinin məlumatına görə, qanvermə aksiyaları Məhərrəm ayının 10-u, miladi təqvimlə noyabrın 14-ü - Aşura günündə Bakının Təzə-pir, Hacı Soltanəli, Hacı Əjdərbəy, Bibi-Heybət, İçəri-şəhər Cümə məscidi, Qaraçuxur məscidində, eləcə də Mir Mövsüm ağa ziyarətgah-məscidi, Keşlə qəsəbə məscidində təşkil olunacaq. Qanvermə aksiyası həmçinin bölgələrdə də keçiriləcək. Bunun üçün Sumqayıt şəhər Cümə məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki Cümə məscidi, Lənkəran Böyük bazar məscidi, Bərdə Cümə məscidində xüsusi yerlər ayrılacaq.