4 il əvvəl məşhur "Sürix protokolları” imzalananda Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı kifayət qədər yüksək dəyərləndirilirdi. Lakin məsələyə Azərbaycanın məlum reaksiyası, qardaş Türkiyə ictimaiyyətinin tutduğu mövqe aydın göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması çox qəlizdir. Yəni, bu proseslər biri-birinə bağlıdır.
Bununla belə, Dağlıq Qarabağ probleminin hələ də "ölü nöqtə”də olmasına baxmayaraq, sərhədlərin açılması məsələsi son zamanlar tez-tez gündəmə gəlir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun son açıqlaması isə yerli politoloqlar tərəfindən birmənalı qarşılanmayıb. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında Ə.Davudoğlunun optimist bəyanatının onun üçün qaranlıq qaldığını vurğulayıb.
Qeyd edək ki, qardaş ölkənin XİN başçısı Ermənistanla sərhəd qapısını açmaq üçün hazırlıq gördüklərini və Azərbaycanı razı sala bilsələr, bunun gerçəkləşəcəyini bəyan edib. "Axşam” qəzetinə istinadən aldığımız məlumata görə, Ə.Davudoğlu bunu Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının üzvləri ilə görüşündə deyib. Toplantıda Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır millət vəkili Sinan Oğan Türkiyə-Ermənistan sərhədində və iki ölkə arasındakı dəmir yolunda iş getdiyini deyib və bu işlərin sərhədin açılmasına hazırlıq olub-olmadığını soruşub. Ə.Davudoğlu suala cavabında sərhədi açmaq üçün hazırlıq gördüklərini təsdiqləyib: "Bizim belə bir çalışmamız var. Azərbaycanı razı sala bilsək, bir sürpriz ola bilər”. Lakin nazir bu işlərin 2015-ci ilə hazırlıq çərçivəsində aparıldığını söyləyib: "Bizim tələbimiz Ermənistanın Qarabağdan çəkilməsidir. Bu məsələdə irəliləyiş gözləyirik. Əgər irəliləyiş olarsa, həm sərhəd qapısı açılar, həm də dəmir yolu əlaqəsi bərpa olunar və münasibətlər inkişaf edər. Amma biz bunu Azərbaycanla bərabər etmək istəyirik”. Onu da deyək ki, yaxın vaxtlarda Ə.Davudoğlunun Azərbaycana səfəri gözlənilir.
Davudoğlunun son bir ayda sərhədlərin açılması ilə bağlı 3 dəfə açıqlama verdiyini vurğulayan politoloq deyib ki, o, hər dəfə də Ermənistanla sərhədlərin açılması üçün erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasının şərt olduğunu qeyd edib: "Ancaq nazirin budəfəki açıqlaması fərqlidir. Nazir prosesin 2015-ci ilə hazırlıq çərçivəsində aparıldığını bəyan edib. Sonra isə Azərbaycana səfər edəcəyini və sürpriz qərarların gözləndiyini bildirib”.
XİN başçısının 2015-ci ili hədəf göstərməsinin obyektiv yanaşma olduğunu vurğulayan Şahinoğlunun sözlərinə görə, Ə.Davudoğlu burada qondarma erməni soyqırımına işarə edib: "2015-ci ildə ermənilər qondarma soyqırımın 100 illiyini qeyd edəcəklər və buna çox ciddi də hazırlaşırlar. Dayanmadan Türkiyə əleyhinə konfranslar, seminarlar keçirirlər. Hesab edirəm ki, Davudoğlu da erməni lobbisini tərkislah etmək üçün 2015-ci ilə qədər münasibətləri normallaşdırmaq istəyir. Əgər 2015-ci ilə qədər Türkiyə Ermənistanla sərhədlərin açılmasına razılıq versə və dövlətlər arasında diplomatik əlaqələr qurulsa, istər-istəməz qondarma soyqırımın beynəlxalq miqyasda tanıdılması istiqamətində erməni lobbisinin fəaliyyəti zəifləyəcək. Ancaq məsələnin bir əmması var ki, Azərbaycan-Ermənistan münasibətlərində heç bir irəliləyiş yoxdur, ərazilərimizin işğaldan azad olunması faktiki olaraq gündəmin mövzusu deyil. ATƏT-in Minsk Qrupu həmsədrlərinin son səfəri də onu göstərdi ki, DQ problemi yerindəcə sayır. Bu baxımdan Davudoğlunun 2015-ci illə bağlı optimizmi nəyə əsaslanır, anlaya bilmədim”.
Rəsmi Bakının razılığını almadan Türkiyənin Ermənistanla sərhədləri açma məsələsinin nə dərəcə real olduğuna gəldikdə isə politoloq Ankaranın Azərbaycanın rəyini almadan risk edib, Ermənistanla münasibətləri bərpa edəcəyinə inanmadığını deyib. Bu günə qədər sərhədlərin açılması məsələsində Türkiyənin konkret mövqe ortaya qoymamasına gəldikdə isə E.Şahinoğlu rəsmi Ankaranın qondarma soyqırım məsələsinə görə, Ermənistana rədd cavabı verməkdə tərəddüd etdiyini qeyd edib. Burada Türkiyənin əlavə maraqlar güdmədiyini vurğulayan politoloqun sözlərinə görə, hələ İsveçrədə "Sürix protokolu” imzalanan zaman Türkiyənin bu məsələni təkbaşına həll etmək niyyəti baş tutmadı və Azərbaycan hakimiyyəti tərəfindən kifayət qədər sərt reaksiya ilə üzləşdi: "Xatırlayırsınızsa, Azərbaycanın könlünü almaq üçün baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıya gələrək bəyanat vermək məcburiyyətində qaldı ki, Azərbaycanın torpaqları işğaldan azad olmadan Ankara Ermənistanla sərhədləri açmayacaq və heç bir diplomatik münasibətlər qurmayacaq. Söz yox ki, bu siyasətinə Türkiyə bu günə qədər də sadiq qalıb. Ola bilsin ki, Davudoğlunun Bakı səfərində bu istiqamətdə müəyyən məsləhətləşmələr aparılsın, ancaq Azərbaycan-Ermənistan arasında aparılan danışıqlarda heç bir irəliləyiş olmadığı üçün Davudoğlunun nəyə ümid etdiyi mənim üçün açıq qalıb”.