Son zamanlar hərbi xidmətə çağırış və xidmət müddəti ilə bağlı müəyyən fikirlər səslənir. Bu məsələlər dəfələrlə Milli Məclisin də müzakirəsinə çıxarılıb. Belə ki, bir müddət öncə ali təhsilli gənclərin hərbi xidmət müddətinin uzaldılması, əsgərlik müddətinin 6 aya endirilməsi və ya tamamən xidmətə cəlb olunmamaları barədə fikir mübadiləsi aparılıb. Ölkəmizin müharibə şəraitində olduğunu əsas tutaraq, xidmət müddətinin uzadılması da təklif olunub.
Amma son günlər xidmətə çağırışla bağlı hərbi mənbələrdən daha maraqlı bir təşəbbüs irəli sürülüb. Təklifdə çağırış müddətinin 18 yaşdan 20 yaşa qaldırılması bildirilir. Mənbə qeyd edir ki, bu ilin əvvəlində analoji təklifin hökumətdə ilkin müzakirəsi aparılsa da, bəzi məsələlərin əsaslandırılmasında yaşanmış problemlərlə əlaqədar müzakirələr dayandırılıb. Ziddiyyətli məqamlar artıq aradan qaldırıldığı üçün təklif yenidən hökumətin müzakirəsinə çıxarılır. Hökumətdə razılaşdırma prosesi keçdikdən sonra təkliflər Prezident Administrasiyasına və prosedura uyğun olaraq mövcud qanunvericiliyə dəyişiklik edilməsi üçün parlamentə təqdim olunacaq. Təkliflərdə Silahlı Qüvvələrdə çağırış yaşının 19-a qaldırılması əksini tapır. Lakin ilkin müzakirələrdə 20 yaşın daha optimal variant olduğu vurğulanıb. İctimaiyyət nümayəndələri isə təkliflə bağlı birmənalı rəy söyləmirlər. Belə ki, bəziləri təklifin təqdirəlayiq olmadığını iddia edirlər. Bunun ölkə ordusuna yalnız neqativ töhfələr verəcəyini deyirlər. Psixoloqlar isə tamam əksini düşünürlər. Onlar hərbi hissələrdə baş verən xoşagəlməz halları əsgərlərin yaşının az olması ilə əlaqələndirirlər. Bildirirlər ki, hər hansı bir gəncin yetkinlik yaşına dolmamış hərbi xidmətə yollanması amansız fəlakətlərə yol aça bilər. Çünki uşaq yaşlarında xidmətə yollanan gənc hərbi mühitə adaptasiya olunub əziyyətə qatlana bimir. Nəticədə isə ya özünə qəsd edir, ya da xidmət yerini tərk edir.
Qeyd edək ki, hazırda Azərbaycanda gənclərin hərbi xidmətə çağırış yaşı 18-dir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov da hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı məsələyə münasibət bildirərkən vurğulayıb ki, 12 illik təhsilə keçid haqqında təhsil naziri Mikayıl Cabbarov müvafiq məlumatlar verib. Komitə sədrinin sözlərinə görə, bu çox ciddi məsələdir və qarşılıqlı şəkildə müzakirə edilməlidir: "Hələ ki, 12 illik təhsilə keçidlə bağlı olan müzakirələrdə iştirak etməmişəm. Amma yəqin ki, 12 illik təhsillə bağlı yekun müzakirələrdə MM-in Təhlükəsizlik və müdafiə komitəsi olaraq biz də iştirak edəcəyik. Məsələ ilə bağlı birgə fikir mübadiləsi aparıldıqdan və ümumi razılığa gəldikdən sonra konkret fikir söyləmək olar”.
Təklifi dəstəkləyən MM-in deputatı Aqil Abbas "Şərq”ə bunun ordumuza yalnız müsbət töhfə verəcəyini deyib: "Xidmətə çağırış həmişə 18 yaşdan başlayırdı. Bunu da belə izah edirdilər ki, insan yetkinlik dövrünü keçirməmiş orduya getməli və möhkəmlənməlidir. Əlbəttə, 18 və 20 yaş arasında böyük fərq var. 20 yaşda olan gənc özünü daha sərbəst hiss edir. 18 yaşında olan uşaq ailədən, isti ocaq qırağından çıxıb çətin mühitə düşür ki, buna da dözə bilmir. Bütün hallarda əsgərliyə çağırış müddətinin 20 yaş olması daha optimal versiyadır. Heç olmasa, əsgər ata, ana, nənə və babası üçün ağlamaz. Bunun müsbət tərəfi budur”.
A.Abbas onu da əlavə edib ki, orta məktəblər 12 illik sistemə keçərsə, çağırış müddəti uzadılmalıdır: "Kiminsə təhsil almadan əsgərliyə aparılması mümkünsüzdür. Məktəblərin 12 illik olması haqqında da konkret qərar yoxdur. Bu, müzakirə olunur”.