Partiyalara daha çox pul lazımdır




Fərəc Quliyev: "Xaricdən maliyyələşməmək istəyiriksə, vəsait artırılmalıdır”

Asim Mollazadə: "Yəqin ki, parlamentdə məsələ uzun-uzadı müzakirə ediləcək”

Azərbaycan hökuməti 2014-cü ildə siyasi partiyalar üçün ayrılan pulun həcmini artırmağı planlaşdırmır. Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin geniştərkibli iclasında gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Bu da parlamentdə təmsil olunan partiya sədrlərini narazı salıb. Qeyd edək ki, siyasi partiyalara ayrılan hazırkı maliyyə yardımı 2.5 milyon manatdır ki, bu məbləğ də partiya rəhbərlərini qane etmir.

Gələn ilin dövlət büdcəsində hər hansı artımın nəzərdə tutulmadığını görən bəzi millət vəkilləri ayrılan vəsaitlərin həcminin artırılmasını təklif ediblər. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı hər şeydə artım olduğu halda siyasi partiyaların maliyyələşməsində artım olmamasını anlamadığını deyib və qeyd edib ki, partiyaların maliyyələşməsi heç olmasa 25 faiz artırılmalıdır. BQP başqanı, deputat Fazil Mustafa da məsələnin bir daha nəzərdən keçirilməsini vacib sayıb. AVP-sədri, deputat Fəzail Ağamalı siyasi partiyalara ayrılan vəsaitlə partiyanı saxlamağın mümkün olmadığını vurğulayaraq maliyyə nazirindən bu vəsaitin artırılmasını xahiş edib.

Milli Dirçəliş Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyevin sözlərinə görə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi dünya praktikasında rast gəlinən normal tendensiyadır. Amma Azərbaycanda partiyalara ayrılan vəsait olduqca azdır: "Xüsusən 9 oktyabr prezident seçkilərində bunu açıq şəkildə hiss etdik. Ayrılan maliyyə təşkilatın adicə kommunal xərclərini ödəməyə, aylıq icarə haqqını verməyə və bəzi texniki problemləri aradan qaldırmağa belə bəs eləmir”. Millət vəkili qeyd edir ki, əgər biz Azərbaycan siyasi mühitində normal vəziyyət və şəraitin yaranmasını, alternativ fikirlərin parlamentdə daşınmasını və partiyaların xaricdən maliyyələşməyə meyl etməməsini istəyiriksə, partiyalara ayrılan vəsaiti mütləq qaldırmalıyıq: "Nəzərdə tutulan məbləğ çox aşağıdır. Bunu mən dəfələrlə demişəm və parlamentdə yenə deyəcəm”.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə isə deyir ki, məsələ hələ yekunlaşmayıb, müzakirə olunacaq: "Nazir Samir Şərifov sadəcə qeyd etdi ki, siyasi partiyalara ayrılan vəsaitdə artım gözlənilmir. Yəni konkret artım olmayacaq demədi. Bir də ki, bu məsələ hələ təsdiq olunmayıb. Yəqin ki, parlamentdə məsələ uzun-uzadı müzakirə ediləcək və yalnız ondan sonra partiyalar üçün ayrılan məbləğin həcmi konkretləşəcək”.