Azərbaycanlı gənclərin "xalq diplomatiyası” adı altında Ermənistana səfər etmələri və ya separatçı qonşularımızla təmasda olmaları son günlərin müzakirə mövzusudur. Əlbəttə ki, "xalq diplomatiyası” Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması istiqamətində bəzi maraqlı dövlətlərin ortaya atdığı oyundur.
Dünyanın beynəlxlaq institutlarının illərdir həll edə bilmədiyi bir münaqişəni gənclərin yoluna qoyacağı fikri heç də reallığı təzahür etdirmir. Qarabağ probleminin xalq doplomatiyası vasitəsilə çözüləcəyi məsələsi gündəmə gələndən bəri azərbaycanlı gənclərin erməni gənclərlə çoxsaylı görüşləri baş tutub. Amma bunun həlli dalana dirənmiş Qarabağ münaqişəsinin düyününün açılmasına bu və ya digər şəkildə müsbət təsiri olmayıb. Bu baxımdan "xalq diplomatiyası” əhəmiyyətini itirmiş bir layihəyə çevrilib. Ona görə də ötən günlərdə Azərbaycan Avropa hərəkatının sədri Ramin Hacılının kafedə erməni qızı ilə rəqs etməsi və bir qurup erməni gəncləri ilə birgə "Sülh TV” layihəsini həyata keçirməsi ictimaiyyətdə müsbət fikirlər doğrultmayıb. İctimaiyyət nümayəndələri ərazisi Ermənistan tərəfindən işğal olunmuş ölkə vətəndaşının ermənilərlə bir ortama gəlməsini qəti şəkildə pisləyir və hətta bunun yolverilməz olduğunu deyirlər. Bəziləri isə addımın normal olduğu iddiasındadırlar. Hətta Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmaq ideyasını dəstəkləyib. "Sülh TV” kanalının açılmasına çox yaxşı baxdığını deyib. Azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmasının müsbət hadisə kimi dəyərləndirən icma sədri danışıqların müharibədən yaxşı olduğunu vurğulayıb: "Gənclər bizim gələcəyimizdir. Gənclər bir-biri ilə danışmalıdı, əlaqə saxlamalıdı. Ona görə də gənclərin ortaq layihəsinə pis baxmıram. Erməni gənclərinə də izah edib başa salmaq lazımdır ki, başqalarının torpağını zəbt etmək olmaz”.
Politoloq Qabil Hüseynli isə "Şərq”ə məsələnin ölkəmiz üçün neqativ və pozitiv tərəflərinin olduğunu söyləyib: "Müsbət tərəfi odur ki, gənclər belə görüşlər və layihələr həyata keçirməklə Dağlıq Qarabağ probleminin həllinə nail olmaq istəyirlər. Bu dalğada "xalq diplomatiyası”nı işə salıblar. Bu addımlar adıçəkilən diplomatiyanın işə salınması baxımından atılırsa, müsbət dəyərləndirilməlidir. Gec-tez Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq. Ona görə də Azərbaycan tərəfi yolun özünə aid olan hissəsini aparır. Gənclərin və ziyalıların görüşünü həyata keçirir. Mənfi tərəfi odur ki, görüş yalnız Ermənistanda baş tutur. Ermənilərin Azərbaycana gəlişini təşkil etmək çətindir. Bunun üçün əsas da var ki, onlar işğalçı ölkə nümayəndələri olduqları üçün təhlükəsizliklərini təmin etmək mümkün olmayacaq. Hər halda balanslı siyasət yürütməliyik. Yəni gənclərimiz ora gedibsə, onlar da bizə gəlməlidir. "Xalq diplomatiyası”nı tədricən aşağı pillələrdən başlamaq lazımdır”.
Ekspertin fikrincə, gənclərin Ermənistana səfərini töhmət kimi qəbul etmək düzgün deyil: "Onlar ərazilərimizin geri qaytarılmasına səy göstərirlər. Bu vətənin və milli maraqların satılması anlamına gəlməməlidir. Hesab edirəm ki, lazım gəlsə silahı həmin gənclər hamıdan qabaq götürəcəklər. Məsələ mərkəzdən düzgün idarə olunmalıdır. "Xalq diplomatiyası” hər hansı bir xalqın milli maraqlarına toxunulmadan aparılmalıdır”.