Azərbaycanda orta məktəb şagirdləri "istefa” aksiyası ilə ayağa qalxıb. Sumqayıtdakı 24 saylı məktəbdə direktorun vəzifədən azad edilməsi ilə bağlı etiraz aksiyasından sonra Mingəçevirdə də məktəbdə aksiya keçirilib. Şəhərdəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə valideynlər aksiya keçirib. Onlar vəzifədən azad edilən direktor Mayıl İsmayılovun vəzifəsinə qaytarılması və onun yerinə təyin edilən direktorun istefasını tələb ediblər. Aksiya Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə baş verib . Aksiyanın məqsədi yeni direktor Aidə xanımın getməsi və əvvəlki direktor Mayıl İsmayılovun liseyə qayıtması tələbi olub. 06.11.2013 tarixində dərs zamanı şagirdlər dərsə girməyiblər və "yeni direktora istefa” şüarları səsləndiriblər. Bəzi müəllimlər uşaqlara sakit olmağı tapşırsalar da, onlar aksiyalarını davam etdiriblər. Mənbə qeyd edir ki, hətta bəzi müəllimlər də uşaqlara dəstək olub. Uşaqlar bildiriblər ki, yeni direktor getməyənə qədər aksiyalarını hər gün davam etdirəcəklər. Şagirdlərin məktəb direktorunun fəaliyyətindən narazı olması və onun istefasını istəməsi tələbinin təbii olduğunu vurğulayan Əməkdar müəllim Almaz Həsrət hesab edir ki, bu olayda təəccüb doğuran məsələ şagirdlərin əvvəlki direktorların geri qaytarılması tələbidir:
- Təbii ki, orta məktəblərdə bu cür kütləvi aksiyaların olması yaxşı hal deyil. Amma bir tərəfdən də sevindim. Bu aksiyalar onun göstəricisidir ki, bizdə doğrudan da demokratiya var. Artıq heç kəs haqq sözünü deməyə çəkinmir. Əgər valideynlər, şagirdlər bir araya gəlib, onları narazı salan hansısa bir məsələyə etiraz edə bilirsə, həmçinin onlar aksiyanı əvvəlki direktorun qaytarılması üçün keçirirsə, bu hadisə təqdirəlayiqdir. Şagirdlər əvvəlki məktəb direktorunun geri qaytarılması üçün aksiya keçirirsə, deməli, həmin direktor fəaliyyəti dönəmində onların sevgisini qazanıb. Pis adamı geri qaytarmaq üçün heç kim məsələ qaldırmaz. Görünür, həmin direktorlar şagirdlər və valideynlərin yayında hörmət sahibi olub. Şagirdlərə sevgi ilə yanaşıb ki, bu gün də həmin sevginin qarşılığını görür. O qədər adlı-sanlı direktorlar işdən çıxarılıb ki, bir nəfər belə tərəfində duran olmayıb. Çünki həmin istefalar hamının ürəyincə olurdu. Düşünürəm ki, hər iki direktor çox şad olmalıdır ki, əziyyətləri hədər getməyib. Zamanında üzərlərinə titrədiyi şagirdləri indi onların geri dönməsi üçün etiraz aksiyası keçirirlər”.
Şagirdlərin etiraz səsinin aidiyyəti qurum tərəfindən eşidilərək sabiq direktorların geri qaytarılıb-qaytarılmayacağına gəldikdə isə A.Həsrət belə bir hadisənin reallaşmasına ürəkdən şad olduğunu deyib: "Düzü, nazirliyin bu məsələni nə dərəcədə diqqətə alıb-almayacağını deyə bilmərəm. Amma çox istərdim ki, hər iki məktəb direktoru geri çağırılsın. Əgər yaşına görə onlar istefaya göndərilibsə, bu qədər sevginin qarşısında onlara möhlət də vermək olar. Fikrimcə, bu hadisə ətrafında aidiyyəti qurum çox ciddi araşdırma aparmalı və doğru qərar çıxarmalıdır. Birincisi, həmin məktəb direktorlarının hansı səbəbdən çıxarılması araşdırılmalı, sonra isə şagirdlərin niyə bu qədər inadla əvvəlki direktorların geri qaytarılmasını istəməsi araşdırılmalıdır”.