Lənkəranda ana doğuş zamanı öldü

Həkimin səhvi olub-olmamağını araşdıracaq



Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş verib. Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Ağaverdi qızı Şıxəliyeva səhər saat 7.45 radələrində xəstəxananın Doğum Şöbəsinə qəbul olunub, 8.15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib. Doğum Şöbəsinin müdiri Yeganə Nəhmətova APA-ya faktı təsdiqləyib. Ramilə Şıxəliyevanın meyiti hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsində müayinə olunur. Məlumata görə, bu, qadının ikinci hamiləliyi olub. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır."Lənkəranda baş verən ana ölümü ilə bağlı dəqiq məlumatım yoxdur. Ancaq sözsüz ki, bu məsələ də Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq”. Bunu Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Onun sözlərinə görə, Komissiya həmin qadının hamiləliyinin necə keçdiyini, ölüm hadisəsində həkim səhvi olub-olmamağını araşdıracaq: "Bir məsələni də qeyd edim ki, bəzən rayon yerlərində hamilə qadınlar hamiləlik dövründə yaxşı qidalanmırlar və həkimə müraciət etmirlər. Bu da sonradan doğuş zamanı fəsadlara səbəb olur”. Nazirlik sözçüsü onu da vurğulayıb ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə mütəmadi məlumatlar verilir. Qeyd edək ki, Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Ağaverdi qızı Şıxəliyeva səhər saat 7.45 radələrində xəstəxananın Doğum Şöbəsinə qəbul olunub, 8.15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib.