Son zamanlar ciddi müzakirə obyekti olan Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi bu yaxınlarda xarici işlər naziri Əhməd Davudoğlunun "Azərbaycanı razı sala bilsək, bir sürpriz ola bilər” bəyanatı ilə yenidən gündəmə gəlib. Nazir Ermənistanla sərhəd qapısını açmaq üçün hazırlıq gördüklərini və Azərbaycanı razı sala bilsələr, bunun gerçəkləşəcəyini deyib. Həmçinin nazir bu işlərin 2015-ci ilə hazırlıq çərçivəsində aparıldığını da vurğulayıb.
Davudoğlunun açıqlamasını şərh edən Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli isə hesab edir ki, Davudoğlunun 2015-ci il müəmması münaqişənin həllində müsbətə doğru dəyişikliklər getdiyinə bir mesaj ola bilər: "Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi bəllidir və onların bu mövqeyi dəfələrlə prezident, baş nazir, o cümlədən xarici işlər naziri tərəfindən səsləndirilib. Türkiyə öz qərarında qətidir ki, DQ problemi öz həllini tapmayınca sərhədlərin açılması mümkün deyil. Sərhədlərin açılması yalnız münaqişənin həlli ilə paralel istiqamətdə getməlidir. Bu mənada Türkiyənin Azərbaycanın rəyini almadan sərhədləri açacağı müzakirə obyekti belə ola bilməz”. Davudoğlunun 2015-ci illə bağlı ümidlərinə gəldikdə isə politoloq bunun təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, 2015-ci ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağına dair Davudoğlunun optimist mövqe sərgiləməsi Türkiyənin Azərbaycanın arxasından iş çevirməsi demək deyil. XİN başçısının açıqlamasında müəyyən ehkam olduğunu vurğulayan E.Nəsirli bildirib ki, sanki Davudoğlu 2015-ci ilə qədər münaqişənin həllində bir irəliləyiş olacağını və Azərbaycan torpaqlarının işğaldan azad olunacağına işarə edir: "Bir məqamı da qeyd edim ki, ABŞ prezidenti Barak Obama ayın 7-də Prezident İlham Əliyevi 3-cü müddətə prezident seçilməsi ilə bağlı təbrik məktubunda çox maraqlı və düşündürücü bir fikir ifadə edib. Obama yazıb ki, biz Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədi ilə tarixi fürsətdən yararlanmaq üçün sizinlə əməkdaşlıq etməyə hazırıq. Tarixi fürsətdən yararlanmaq dedikdə Obamanın nəyə işarə etdiyi isə hələ bizim üçün qaranlıq məsələdir. Hər halda bu məktubdan belə nəticə çıxarmaq olar ki, münaqişənin həlli ilə bağlı imkan yaranıb. Çünki bu günə qədər problemin həlli ilə bağlı tarixi fürsət sözü işlədilməyib. Ola bilsin, münaqişənin həllində müəyyən irəliləyişlər var, sadəcə, danışıqlar prosesinə mənfi təsir göstərməsin deyə, hələlik açıqlanmır. Onu da xatırladım ki, amerikalı həmsədr regiona səfəri zamanı da problemin həlli ilə bağlı yeni reallıqların yaranması kimi ifadə işlətmişdi. Bundan əlavə, uzun fasilədən sonra noyabr ayında hər iki ölkə prezidentinin görüş gözləntiləri və Davudoğlunun da nikbin açıqlaması göstərir ki, doğrudan da münaqişə ilə bağlı müəyyən dinamizm özünü göstərməkdədir, yeni yanaşmalar var”. Qeyd edək ki, Ə.Davudoğlunun Azərbaycana səfər planı ölkədə belə bir ehtimal doğurub ki, səfər çərçivəsində işğal altında olan Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılma məsələsi əsas müzakirə obyekti olacaq. Eyni zamanda bu prosesdə Türkiyənin də xüsusi rol oynayacağı gözləniləndir. Bu ehtimalların inandırıcı olduğunu vurğulayan politoloqun sözlərinə görə, son zamanlar Rusiya və Ermənistanın Kütləvi İnformasiya Vasitələrində tənzimləmə prosesində Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonların boşaldılması ilə bağlı tezislər yer almaqdadır. Yəni ehtimal var ki, yeniləşmiş "Madrid prinsipləri”ndəki maddələr tətbiq olunacaq.
E.Nəsirlinin sözlərinə görə, ABŞ rəsmilərinin bəyanatları, Davudoğlunun Azərbaycana, Putinin isə Ermənistana səfər gözləntiləri onu deməyə əsas verir ki, doğrudan da Dağlıq Qarabağ probleminin həlli istiqamətində uzun müddətdir ki, müşahidə olunmayan aktivlik yaşanmaqdadır: "İstənilən halda isə Azərbaycanın mövqeyi bəllidir. Odur ki, hər şey Ermənistan və onu himayə edən dövlətlərin davranışından asılıdır”.