"Ermənilər Dağlıq Qarabağda yaşayıblar, yaşayırlar və yaşayacaqlar. Çünki Dağlıq Qarabağ bizim vətənimizin bir parçasıdır”.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov yenə sərsəm bəyanatla çıxış edib. Ermənistan-Türkiyə münasibətlərinə toxunan E.Şarmazanov onu da qeyd edib ki, bu məsələdə qəbuledilməz məqamlar var: "Ermənistan-Türkiyə münasibətlərini Dağlıq Qarabağ nizamlaması ilə əlaqələndirmək qəbuledilməzdir”. Erməni vitse-spikerin açıqlamasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "Şərq”ə bildirib ki, Dağlıq Qarabağın adı və torpağının hər qarışı Azərbaycan xalqının tarixi mədəniyyəti ilə bağlıdır. Nazirlik rəsmisinin sözlərinə görə, həmin ərazilər hər zaman Azərbaycana məxsus olub: "Bu tarixən belə olub. Həmin ərazilərin hər bir qarışında Azərbaycan xalqının mədəniyyəti və tarixi var. Keçmişdə orada yaşayan ermənilərə isə həmişə normal münasibət sərgiləmişik. Qeyri-diskriminativ münasibət olub. Sovetlər zamanında buna dəlalət edən çoxlu sübutlar və əsaslar var. Ümumiyyətlə, Dağlıq Qarabağ bölgəsində azərbaycanlılarla ermənilər normal şəkildə yaşayıblar və bundan sonra da yaşaya bilərlər. Azərbaycan dünyada bir tolerantlıq nümayəndəsidir. Ölkəmiz müxtəlif millətlərin bir yerdə yaxşı yaşamasının mümkünlüyünü göstərən nümunədir. Azərbaycan hər zaman müxtəlif xalqlara tolerant yanaşıb və yanaşacaq da. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.
Nazirlik rəsmisinin qənaətinə görə, bu cür spekulativ xarakterli mesajlarla çıxış etmək münaqişənin həllinə müsbət təsir göstərməyəcək: "Çünki Dağlıq Qarabağın Azərbaycan mənsubluğu heç bir zaman şübhə altında olmayıb”.
E.Şarmazanovun "Ermənistan-Türkiyə münasibətlərini Dağlıq Qarabağ nizamlaması ilə əlaqələndirmək qəbuledilməzdir” fikirlərinə gəldikdə isə
E.Abdullayev bildirib ki, Türkiyə məhz Azərbaycan torpaqlarının işğalına reaksiya olaraq Ermənistanla sərhədlərini bağladı və diplomatik münasibətlərini dayandırdı: "Separatçı siyasət yürüdən bir ölkəyə belə münasibətin göstərilməsi normaldır. Əslində Ermənistana bu addımı dünya ictimaiyyəti atmalı idi. Bir işğalçı ölkəyə dünya ictimaiyyətinin biganə qalması onu göstərir ki, dünya ictimaiyyəti özünü reaksiyasız aparır”.