İbrahimbəyov Müsavatdan intiqam alır

Həmsədrlik dirənişi ilə müxalifəti gərəksiz mübahisələrdə bir az da süsləşdirməyə çalışır




Müxalifətin seçkidən sonrakı fəaliyyətinin əsas prioritetlərini müəyyənləşdirən məsələlər Milli Şuranın strukturu ətrafında yaranmış mübahisələrə görə arxa planda dayanır. Bütün diqqət guya Şuranın quruluşunda aparılmalı islahatlara yönəldilib, halbuki gerçək olaraq ortada heç bir ciddi yeniləşmə cəhdi və bu format müstəvisində vacib hədəflər yoxdur. Bəs, elə isə uzun-uzadı həmsədrlik sualları, idarə heyəti kimi məşvərətçi orqanın yaradılması, ümumiyyətlə, bu əməkdaşlıq formatının daha da gücləndirilməsi təkliflərinin dəfələrlə gündəmə gəlməsi nə ilə bağlıdır?

Seçkidən sonra verilən proqnoz bu idi ki, Milli Şura onsuz da qısır bir təşkilat oldu, onun mövcudluğu uzun sürməyəcək. Əslində hazırkı vəziyyət elə bu şəkildədir, sadəcə, onun gündəmdə saxlanması cəhdləri süni xarakter daşıyır. Klassik müxalifət Milli Şura adından imtina etməyə tələsmir, çünki indiyə kimi yaratdığı əməkdaşlıq qurumlarının heç birinin ömrü bu dərəcədə qısa çəkməyib. Əgər bu addan belə tezliklə imtina etsə, özünün fərsizliyini ictimai rəyin əlinə rişxənd fürsəti kimi vermiş olacaq. Digər tərəfdən, siyasi mübarizənin sonrakı səhifələrində yer tutan məsələlərdə kiminlə etibarlı əməkdaşlıq münasibətlərinin qurulmasına, bunu realizə edən yeni formata aydınlıq gətirilməyib. Siyasi qüvvələri Milli Şurada dirəndirən səbəblərdən birinin bu olması mümkündür. Yeni sərfəli ideya tapılan kimi hər bir partiyanın ipi Milli Şuradan qopacaq.

Bundan başqa, prezident seçkilərində bəzi beynəlxalq təşkilatlar hakimiyyəti radikal cavablara sövq etdi, bununla da hər iki tərəf arasında yaranmış gərginlik müxalifətin hərəkətlənməsi üçün stimul rolunu oynadı. Ardı-ardına düzənlənən kütləvi aksiyalar xarici qurumların təpkisi ilə sinxron həyata keçirildi, beynəlxalq səviyyədə iqtidara qarşı narazı ovqat azalan kimi müxalifətin emosionallığı da zəiflədi.

Bəlli xarici təşkilatların Azərbaycanda gərginlik yaratmasının ardınca, Rusiyada soydaşlarımızla bağlı meydana çıxan ağır durum gündəmi zəbt etdi, Milli Şura üçün aktivliyin saxlanmasına üçüncü bir səbəb yetişdi. Rusiya-Azərbaycan arasında miqrantlarla ilgili mürəkkəb situasiyanın Milli Şuranı Rusiya çevrələrinin maraq dairəsinə qaytara bilər kimi bir gümana sarılanlar Rüstəm İbrahimbəyovun adı ətrafında yenidən siyasi planlar qurmağa başlayırlar. Bura Müsavat Partiyasının daxil olmadığı açıq-aydın görünür, çünki həmsədrlik institutuna qarşı çıxmaqla İbrahimbəyovla bağlı daha xəyallar qurmaq, yenidən Rusiyanın oyunlarına getmək istəmədiyini anladır.

AXCP və "El” Hərəkatı isə İbrahimbəyovu neytrallaşdırmaq marağında olmayaraq, həmsədr kimi saxlamağa niyyətli görünür. Maraqlıdır ki, Cəmil Həsənlinin prezident seçkilərində namizəd olmasından sonra əsəbləri gərilmiş təsir bağışlayan İbrahimbəyov siyasətlə qurtardığını, daha vacib işlərə baş vurduğunu, MŞ sədrliyinə məcbur gətirildiyini söyləməklə, qurumla, buradakı insanlarla arasındakı siyasi körpülərin dağıldığı fikrini formalaşdırsa da, sonradan sanki kimsə ona səhvini başa saldı və İbrahimbəyov siyasətdən getməmiş siyasətə qayıtdı; bu gün isə sədrlikdən çəkilməyəcəyini israrla dilə gətirməsi içərisinə düşdüyü oyunun hansısa formada davam etməsinə ehtimal verir. Amma başqa bir ehtimal da var ki, Moskvada passiv siyasi həyat keçirən İbrahimbəyov MŞ-dəki statusunu mənasızcasına uzadırsa, bu formatdan hüquqi bağlantıları ilə qopmaq cəhdi göstərmirsə, başqa bir sifarişin icrasına girərək, müxalifəti gərəksiz məsələlərin əsarətində, lazımsız mübahisələrin içərisində yormaq, süst vəziyyətə salmağa çalışır. Sözün bəlkə həqiqi mənasında bu yolla klassik müxalifətdən qisas alır. O mənada ki, seçkidən qabaq İbrahimbəyov müxalifət mətbuatında ən pis ifadələrlə aşağılandı, ikincisi, nə boykot variantına nail oldu, nə də özünün maraqlarında olan namizədi vahid namizəd qismində irəli çıxarmağı bacardı. Daha dəqiq ifadə etsək, İbrahimbəyov Müsavat Partiyasından intiqam alır. Maraqlıdır ki, bu qisas məsələsində Rəsul Quliyevin də mövqeyi İbrahimbəyovla üst-üstə düşür. Öz "facebook” səhifəsində MŞ-in söyməkdə artıq "ixtisas”laşan eks-spiker bu qurumdan çəkilmək barədə şəxsən addım atmaq istəmir. Formata rəhbərlik edənlərin əli ilə cəzasını gözləməklə, münaqişəni daha da alovlandırmağa can atır. Milli Şuradakıların isə özlərini konfliktin böyüməsindən sığortalama cəhdi Rəsul Quliyevin məsələsinin açıq qalmasını arzuedilməz şəkildə uzadır.

Varlığı ilə yoxluğu bilinməyən Milli Şurada başda İbrahimbəyov olmaqla, hamının faktiki passivliyi fonunda çox aktiv görünən Cəmil Həsənli isə ardıcıl xarici səfərlərdə prezidentliyə namizəd olduğu qurumun təmsilçiliyi ilə məşğuldur. Bu səfərlərin məqsədi və nəticəsi isə rezonans doğuracaq səviyyədə deyil.