“Mən də arzulamışam hökumətdə təmsil olunum”

Məmməd Əlizadə: “Partiyamızda gənc, istedadlı və kifayət qədər potensiallı kadrlarımız mövcuddur”



Növbəti dəfə prezident seçildikdən sonra ölkə başçısı İlham Əliyev kadr islahatları həyata keçirdi. İslahatların nəticəsi olaraq 3 nazir tutduğu vəzifədən uzaqlaşdırıldı. Hazırda kadr dəyişikliyinin davam etdiriləcəyi bildirilir. Seçki dönəmində İ.Əliyevin namizədliyini dəstəkləyən iqtidaryönümlü partiya sədrləri və təmsilçiləri yeni hökumətdə təmsil olunmaq istəklərini birmənalı şəkildə etiraf ediblər. İdarəçilikdə təmsil olunmaları ilə bağlı təklif gözlədiklərini dilə gətiriblər.

Azərbaycan prezidentinin reallaşdırdığı kadr islahatlarını dəstəkləyən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə də təşkilatlarında belə istəklərin olduğunu deyib. M.Əlizadə "Şərq”ə müsahibəsində qeyd edib ki, dövlətin siyasətini dəstəkləyən partiyaların əksəriyyətinin bütün dövrlərdə iqtidarda təmsil olunma fikirləri olub: "Bu barədə zamanında rəhbərlik etdiyim qurumda da müəyyən fikir mübadilələri olub. Hökumətyönümlü siyasi təşkilatların demək olar ki, hamısında hökumətdə təmsil olunmaq məsələsi gündəmdədir. Elə bu arzu ilə də yaşayırlar.

- Onların bu istəklərini zəruri edən nədir?

- Burada dövlətin apardığı siyasəti hansı formada dəstəkləməkdən söhbət getmir. Onlar bir vətəndaş, qurum sədri kimi İ.Əliyevin apardığı islahatlarda onun yanında olmaq və tapşırıqlarını həyata keçirmək üçün idarəçilikdə təmsil olunmaq istəyirlər. Partiya rəhbərləri hər zaman bu düşüncədə olublar. Azərbaycan prezidentinə kömək göstərməyi özümüzə qürur və şərəf bilmişik. Digər tərəfdən, partiya üzvlərinin hər biri Azərbaycan vətəndaşıdır. Vətəndaşın da bu dövlətin müəyyən strukturlarında çalışmaq arzusu olmalıdır. Bu çox normal haldır.

- Hazırda DADP-nin hər hansı bir üzvünə hökumətdə təmsilçiliklə bağlı təklif gəlibmi?

- Belə bir təklif yoxdur. Amma bizim özümüz hər zaman müəyyən dairələrdə vurğulamışıq ki, İ.Əliyevin apardığı islahatların yanında olmaq istəyirik.

- DADP-də hökumətdə təmsil olunmaq üçün yetərli potensialı olan kadrlar varmı?

- Əlbəttə var. Gənc, istedadlı və kifayət qədər potensiallı kadrlarımız mövcuddur. Hesab edirəm ki, həmin gənclər hər hansı bir sahəyə təyin olunarlarsa, görəvlərinin öhdəsindən gələ bilərlər.

- Partiyaya sədrlik etdiyiniz dönəmdə sizin də hökumətdə təmsil olunmaq istəyiniz olubmu?

- Etiraf edim ki, olub. Mən də bunu arzulamışam. Dövlətimizə xidmət etmək istəyirdim. Xidmət, kənarda durub dəstəkləməklə bitmir. Ona görə də dövlətdə təmsil olunmaq istəmişəm.

- Bəzi müxalif partiya üzvləri də hökumətdə təmsil olunma haqda istəklərini etiraf ediblər...

- Partiya təmsilçiləri də işləmək və ailəsini dolandırmaq istəyir. Dövlət də Azərbaycan xalqına söykənir. Belə olan halda potensialı olanlar hökumətdə təmsil olunmaq istəyirlər. İndiki halda müxalif düşərgədə də vətənə, dövlətə və dövlətçiliyə sadiq olan insanlar var. Onlar da işləmək istəyirlər. Həmin adamlar artıq dərk ediblər ki, 20 ildir ki, müxalif liderlər tərəfindən aldanırlar. Onlar da dövlətdə çalışmaq arzusundadırlar. Hərə bir işin qulpundan yapışıb vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmək istəyir.