3 manatlıq əskinasların buraxılması arzuolunan deyil

İqtisadçı-ekspert də Elman Rüstəmovun mövqeyini möhkəmləndirdi

Azərbaycan Mərkəzi Bankına (AMB) 3 manatlıq əskinasların dövriyyəyə buraxılması təklif olunub. Bu təşəbbüslə Milli Məclisin deputatı Yevda Abramov parlamentin ötən günlərdəki iclasında çıxış edib.

Deputat 5 manatlıq əskinasın 1 manatlıq əskinasa dəyişdirilməsinin çətin olduğunu bildirib. Parlament üzvünün qənaətinə görə, 3 manatlıqların dövriyyəyə buraxılması 1 manatlıq əskinasların çapının azalmasına da səbəb olar: "Bu təcrübəni Qazaxıstanda müşahidə etmişik”.

Deputatın təklifinə münasibət bildirən AMB sədri Elman Rüstəmov qeyd edib ki, dünyanın əsas valyutaları və daxili amillərin təhlili nəticəsində hazırda 6 nominalda əsginas və 6 nominalda sikkədən ibarət nağd milli valyutanın strukturunun dəyişdirilməsinə ehtiyac yoxdur: "ABŞ dolları, Britaniya funtu, avro və digər valyutalarda da 1 və 5 nominal arasında başqa nominalda pul yoxdur. ABŞ-da bir müddət əvvəl buraxılan 2 dollarlıq əsginas isə iqtisadiyyat və ictimaiyyət tərəfindən qəbul edilməyib. İndiki halda bu əsginaslar işləmir. Azərbaycanın daxilində əhalinin əsas xərclər strukturu, ümumilikdə pərakəndə hesablaşma sahəsində aparılan təhlil və tədqiqatlar hazırda dövriyyədə olan əsginasların optimal olduğunu göstərir.

Mövzunu şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov da "Şərq”ə açıqlamasında buna ehtiyacın duyulmadığını deyib. Ekspertin sözlərinə görə, dünya praktikasında daha çox ikilik əskinasların dövriyyəyə buraxılması təcrübəsinə rast gəlinir: "Bu ilk dəfə ABŞ-da baş tutdu. Amma sonradan istifadə olunmadı. Dünyada 3 manat və avronun istifadə praktikası yoxdur”. V.Bayramovun fikrincə, 3 manatlıq əskinasların dövriyyəyə buraxılmasının bir sıra mənfi tərəfləri mövcuddur: "Sözügedən əskinasların çap olunması manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinə və qida məhsullarının qiymətinin artmasına gətirib çıxara bilər. İnflyasiya və qiymət artımı baxımından 3 manatlıqların dövriyyəyə buraxılması arzuolunan deyil”.