5 məhkumun etirazı yatırılıb

Özünə ülgüclə xəsarət yetirənlər qanunsuz tələblə çıxış ediblər

Noyabrın 13-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan 17 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan beş nəfər məhkum müəssisə rəhbərliyi qarşısında qanunazidd tələblər irəli sürüblər. Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat qrupu dərhal cəzaçəkmə müəssisəsinə yollanıb və müəssisə rəhbərliyi ilə birgə məhkumların hüquq və vəzifələri yenidən geniş izah edilib və onlardan daxili intizam qaydalarına riayət olunması tələb olunub.

Məlumata görə, həmin 5 məhkum onlarla aparılmış söhbətlərdən nəticə çıxarmayıb, qanuna zidd tələblərindən dönməyib, müəssisə əməkdaşlarına təzyiq vasitəsi kimi istifadələrində olan üz qırxılması üçün nəzərdə tutulan ülgüclərlə özlərinə yüngül bədən xəsarəti yetiriblər. Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məhkumlara ilkin tibbi yardım göstərilib və onlar digər məhkumlardan təcrid ediliblər. Hazırda isə 17 saylı cəzaçəkmə müəssisəsində şəraitin sabit olduğu bildirilib. Hadisənin mahiyyəti ilə bağlı "Şərq”ə danışan Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib: "Doğrudan da bir şəxs daxili intizam qaydalarını pozduğuna görə, cərimə təcridxanasına salınıb. Həmin 5 nəfər məhkum da administrasiya qarşısında tələb qaldırıblar ki, həmin məhbusu təcridxanadan çıxartsınlar. Bununla bağlı hüquqları onlara ətraflı surətdə izah olunub ki, qanunvericiliyə əsasən hər hansı bir məhbus daxili nizam-intizam pozulmasına görə aldığı cəzadan narazılığı varsa, o, yuxarı administrasiyalara - Penitensiar Xidmət və Ədliyyə Nazirliyinə, yaxud da məhkəmələrə müraciət edə bilər. Yəni məhbusların administrasiya qarşısında bu cür tələblər qoymaq hüququ yoxdur. Ancaq görünən ki, məhkumlar söhbətdən nəticə çıxarmayıb və rəhbərliyi təhdid etmək məqsədi ilə özlərinə ülgüclə yüngül bədən xəsarəti yetirməyə cəhd göstəriblər. Təbii ki, rəhbərlik tərəfindən onların bu hərəkətinin qarşısı alınıb”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bəzi hallarda məhkumlar tərəfindən həbsxanalarda öz qaydalarını yaratmaq üçün bu cür qanunsuz xarakterli çıxışlar olur. Bu isə birbaşa ümumi nizam-intizam qaydalarına zidd olduğu üçün həmin anda qarşısı alınır: "Məhkumlar arasında irerarxiyanın yaranmasına yol vermək olmaz. Bu, Stalin dövründə yaranmış və çox yanlış olan bir sistemdir. Məhkumlar cəzaçəkmə müəssisələrində irerarxiya yaratmaqla özləri özlərini idarə etmək istəyirlər. Bildiyiniz kimi, "vorzakon”, "avtoritet” kimi ifadələr sovetlər dövrü üçün xarakterik olub. Ancaq hazırkı şəraitdə cəzaçəkmə müəssisələrində bu tipli sistemlərin yaradılması mümkün deyil. Çünki ən cüzi cəhd zamanı belə aidiyyatı qurumlar tərəfindən bu cür qayda pozuntusunun qarşısı alınır. Bütün məhkumlar bərabər hüquqlara sahibdir. Həbsxanalarda hər bir məhbus üçün eyni şərait yaradılmalı, onların biri digərindən üstün olmamalıdır”.

Cəzaçəkmə müəssisələrinə baş çəkən zaman məhkumlarla söhbət zamanı onlara hüquqi yardım göstərdiklərini vurğulayan Ə.Nuriyev imkan daxilində məhkumların bütün suallarını cavablandırdıqlarını bəyan edib: "Hansısa məhkum ona qarşı haqsızlıq olduğunu iddia edə bilər. Bunun isə qanun çərçivəsində qaydaları var. Bu və ya digər narazılıqlarla bağlı məhkumlar bizə müraciət ediblər, məsələni araşdırdıqda isə onlar arasında haqlı və ya haqsız şikayətlərə rast gəlmişik. Cəzaçəkmə müəssisələri xüsusi rejimli olduğu üçün hər şey hüquq əsasında öz həllini tapmalıdır. Hansısa bir məhkumun orada öz idarəetməsini yaratması qeyri-mümkündür”.

Son zamanlar bu sahədə çox uğurlu islahatlar həyata keçirildiyini qeyd edən Fond rəhbərinin sözlərinə görə, həmin islahatlardan biri də vaxtından əvvəl şərti azadetmə institutunun real olaraq, təminat şərtlərinin daha da genişlənməsidir: "İnstitutun nəzdində fəaliyyət göstərən Komissiya məhbusların şikayəti ilə bağlı onların şəxsi işlərini araşdırır, onlarla birbaşa təmaslar həyata keçirir, açıq qalan sualları cavablandırır. Hazırlanan müsbət rəy isə məhkəməyə göndərilir. Müraciətə uyğun da məhkəmə həmin məhkumun vaxtından əvvəl şərti azadlığa buraxılması və yaxud da cəzaçəkmə növünün dəyişdirilməsi ilə bağlı qərar çıxarır. Hazırda Komissiyanın 8 məhkum haqqında müsbət rəyi var. Bu rəylərdən də 90 faizə qədəri məhkəmələr tərəfindən təmin olunub. Bunları deməkdə məqsədim odur ki, məhkum islaha meyilli olanda, cəza çəkdiyi müddət ərzində nizam-intizam qaydalarına düzgün əməl etdikdə həmin şəxslərin vaxtından əvvəl şərti azad olunmaq və qapalı cəzaçəkmə müəssisələrindən açıq müəssisələrə köçürülmə şansları böyük olur. Yəni onlar ya öz ailələrinə qovuşur, ya da məntəqə tipli cəzaçəkmə müəssisələrinə göndərilirlər. Bunun da effekti odur ki, bu cür obyektivlik həm məhbusların islah prosesinə meylliliyini artırır. Həm də digər məhkumları buna stimullaşdırır ki, yaxşı davranış nümayiş etdirsələr, onlar da şərti azadlığa buraxıla və rejim növü dəyişdirilə bilər”.