"Təkuşaqlı ailələrin artmasının çox pis ziyanları ortaya çıxa bilər" - SOSİOLOQ

"Beynəlxalq təşkilatlar həyəcan təbili çalır ki, dünyanın hər yerində əhali artımı ilə bağlı ciddi problemlər yaranıb”.
Bunu Sherg.az-a təkuşaqlı ailələrin artması ilə bağlı danışarkən sosioloq Əhməd Qəşəmoğlu deyib. 
O qeyd edib ki, yer üzündə insan sayı çoxaldığından resursların azaldığı bildirilir. Bu açıqlamaların davamı olaraq, beynəlxalq təşkilatlar əhalinin artmasının qarşısını almaq üçün müəyyən üsullar axtarırlar. Görünür, ölkəmiz də bu sahədə işlənən modellərin birinə məruz qalıb:
"Təkuşaqlı ailələrin artmasının yaxın illərdə Azərbaycana böyük ziyanı gözlənilmir. Amma bir müddətdən sonra çox pis ziyanları ortaya çıxa bilər. Çünki hələlik ölkəmizdə əhali artımı müsbət istiqamətdədir, ilbəil artım qorunur. Amma bu o demək deyil ki, həmişə belə olacaq.
Uşaqların ailədə tək böyüməsinin psixoloji problemləri də yaranır. Artıq elm də təsdiqləyib ki, uşaq evdə tək böyüdükdə eqoist xarakterə yiyələnir. Uşaqlar baba və nənəsi ilə ünsiyyətdə, qarşılıqlı əlaqədə böyüyür. Evdə tək böyüyən uşaqlar uşaq mühitindən məhrum olur. Məsələn, fikir versəniz, xarici ölkələrdə it, pişik, kimi ev heyvanları bəsləyirlər ki, uşaqlarda humanist hissləri daha da gücləndirsinlər. Bizdə bu ənənə də yoxdur. Uşaqlar tək olduqda eqoistlik çoxalır, humanizm azalır. İlk baxışda diqqət edilməsə də, bu, çox təhlükəli vəziyyətdir. Digər tərəfdən uşaqlar azalırsa, deməli, ölkədə gənc nəsil azalır. Belə olduğu təqdirdə ölkədə yaşlıların sayı çoxalır və ölkədə istehsalatda çalışanlar, vergi ödəyiciləri azalır. Vergi ödəyicisi az, təqaüdçü çox olduqda isə fərqli vəziyyət yaranır. İndiki halda da bu rəqəm çoxdur, ona görə pensiya yaşını qaldırmağa cəhd edirlər. Bu səbəbdən bir müddət sonra tək övladlıq məsələsi çoxaldıqda sosial müavinətlər üçün ayrılan vəsait də çoxalacaq. Bu da iqtisadi cəhətdən çox təhlükəli mənzərə yaradır. Strateji tərəfdən qorxu yaradan isə ölkə əhalisinin azalması təhlükəsi yaranır. Bütün bunların fonunda tək uşaqlılığın artması arzu olunan hal deyil”.
Ailədə 3 övlad planlaşdırılmasının ictimai və elmi cəhətdən daha düzgün olduğunu hesab edən sosioloq bu sayın ölkədə də müsbət mənzərə yaratdığını söyləyib:
"Hazırda cəmiyyət elə mürəkkəbləşib ki, insanların bir çoxu ailə qura bilmir. Ona görə, ailələrin də, övladların da sayı azalır. 3 uşaq olduqda əhali artımı da normal səviyyədə qalır. Bundan əlavə evdə uşaq mühiti daha yaxşı formalaşır. Məsələn, 2 uşaq olduqda daha çox onların dava-dalaşları müşahidə olunur. Amma ailədə 3 övlad olduqda daha müsbət vəziyyət yaranır”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova təkuşaqlı ailələrdən danışıb. Onun sözlərinə görə Azərbaycanda əhalinin son 2 siyahıya alınmasına görə, 1 və 2 uşaqlı ailələrin sayı artıb, 3-4 və daha çox uşaqlı ailələrin sayı azalıb.
Aysel Aslan