Kasprşikin işçilərinin artırılması əhəmiyyətsiz addımdır - Politoloq

Ekspert hesab edir ki, bu Azərbaycanın yox, Ermənistanın maraqlarına cavab verir


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ofis heyətinin sayının 7 nəfərə kimi artırılması nəzərdə tutulur.

Bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov qondarma Dağlıq Qarabağ Respublikasının "rəhbəri” Bako Saakyanla görüşünün yekunlarını şərh edərkən deyib. O, bu və digər texniki məsələlərin müzakirə olunduğunu qeyd edib. Qeyd edək ki, hazırda ofisdə 5 nəfər fəaliyyət göstərir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Şərq”ə açıqlamasında Kasprşikin ofis heyətinin sayının 7 nəfərə kimi artırılmasının kifayət qədər əhəmiyyətsiz bir addım olduğunu deyib. 

Onun sözlərinə görə, ötən ilin aprelində baş verən döyüşlərdən sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofis heyətinin artırılması məsələsi ATƏT tərəfindən qaldırılmışdı. Məqsəd isə cəbhə xəttində aparılan monitorinqlərin sayının artırılmasından ibarət idi.

Politoloqun sözlərinə görə, Kasprşikin ofis heyətinin sayının artırılması Azərbaycanın yox, Ermənistanın maraqlarına cavab verir: "Dağlıq Qarabağı və ətraf rayonları işğal edən ermənilərə həmin işğal ərazilərində monitorinq aparmaq ona görə sərf edir ki, bu zaman danışıqlarda passivlik yaranır və təzyiqlər azalır. Azərbaycan isə beynəlxalq aləmin işğalçı Ermənistana təzyiq edərək bizim torpaqlarımızdan çıxarılmasından yanadır. Monitorinqlərlə baş qatmağın münaqişənin həllinə heç bir faydası yoxdur”.

E.Şahinoğlu hesab edir ki, Kasprşikin ofis heyətinin sayının 5,7 və yaxud 10 nəfərə olması sadəcə cəbhədə sakitlik olmasına xidmət edə bilər ki, bu da münaqişənin uzadılması deməkdir: "Deməli, ermənilər gəlib bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq qurumlar isə onlara qarşı sanksiyalar tətbiq edib, torpaqlarımızdan çıxmalarını tələb etmək əvəzinə, bizim qarşımızda atəşkəsi pozmamaq tələbi qoyurlar”.

Şəymən