35 ilin avtomobilləri ilə taksi xidməti göstərənlər var
Bakı Nəqliyyat Agentliyi (BNA) 36 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsini təklif edib. BNA-nın baş direktoru Vüsal Kərimlinin sözlərinə görə, ilkin olaraq 9 küçə və prospektdə bu zolağın çəkilməsinə razılıq verilib.
V.Kərimli xatırladıb ki, avtobuslardan başqa, operativ nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları da bu zolaqlardan istifadə edə biləcək.
Həmin zolaqlardan taksilərin istifadəsinə gəlincə, qurum rəhbəri ölkəmizdə taksi məsələsi ilə bağlı pərakəndə vəziyyətin mövcud olduğunu bildirib: "Buna görə, biz vahid taksi sisteminin yaradılması ilə bağlı təklif irəli sürmüşük. Bəzi taksilər "A” nöqtəsindən "B” nöqtəsinə aparmaq üçün dolayı yollardan istifadə edir. Taksi bazası yaradıldıqdan sonra taksilər onlara verəcəyimiz xətlə istifadə edəcəklər. Əks halda istənilən şəxs avtomobil damına taksi işarəsi qoyub həmin yoldan istifadə edəcək. Bu məsələdə vətəndaşlarımızın da üzərinə məsuliyyət düşür. Gərək vətəndaşlarımız fərqlənmə nişanı olmayan taksilərdən istifadə etməsinlər”.
Taksi xidməti ilə bağlı vəziyyətin ürəkaçan olmadığını deyən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bu sahədə müxtəlif şirkətlərin bir-biri ilə rəqabət apardığını söyləyib. Ekspertin sözlərinə görə, şirkətlər müəyyən qayda pozuntularına və sui-istifadə hallarına da yol verirlər. Beləliklə, digər şirkətlərdən daha çox pul qazanmaq üçün xidmət haqqını aşağı salırlar, lakin sərnişinlərə köhnə avtomobil göndərirlər.
E.Muradlı həmçinin bildirib ki, xidmət sahəsində əsas amil keyfiyyətin yüksək formada olmasıdır: "Köhnə avtomobillərdə isə taksometr yoxdur və sürücülər haqqında məlumatlar lazımlı səviyyədə araşdırılmır. Əvvəllər eşidirdik ki, sərnişinlər taksiyə əyləşib sürücünü qarət ediblər. İndi isə taksi sürücüsü müştərini qarət edir. Sürücü baxır ki, avtomobilə minən sərnişin təkdir, əlində bahalı telefonu var, qaranlıq yerə sürür və onu qarət edir. Buna görə də şirkətlər işə götürərkən sürücülər haqqında yetərli araşdırmalar aparmalıdırlar. Hər bir şəxs taksi sürücüsü ola bilməz. Taksi sürücüsü ünvanları yaxşı tanımalı, ünsiyyət qurmağı bacarmalı, heç olmasa xarici dili aşağı səviyyədə də olsa bilməlidir. Çalışırıq ki, turizm sahəsində inkişafa nail olaq, amma turizmin əsas elementlərindən biri taksi xidmətidir. Bu sahədə də çatışmazlıqlar var. Hərə bir maşın alır. Məsələn, 30-35 ilin maşınları ilə taksi xidməti göstərənlər var. Gündüz vaxtı taksi kimi işləyir, gecələr ət daşıyır. Səhər maşına minən adam qoxudan dura bilmir. Belə sürücülərə qarşı BNA-nın açıqlamaları nə vaxtsa özünü doğruldarsa, çatışmazlıqlar aradan qalxa bilər. Hər halda burda pərakəndəlik olmamalıdır. Yararsız, köhnə maşınla taksi xidməti göstərənlər var. Bəzi sürücülər isə yaxşı müştəriləri çox olsun deyə gedib yeni maşın alırlar. Onlar ağıllı adamlardı, bilirlər ki, yaxşı qazanc üçün keyfiyyətli xidmət göstərmək lazımdır”.
Yeganə Bayramova