“Fərat qalxanı” əməliyyatı nəticə verdi

“Əsasən kürdlərin yaşadığı üç bölgədə terrorçuların birləşməsinə imkan verilmədi”


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı başa çatıb.

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında deyilib. Bildirilib ki, "milli təhlükəsizliyin təmin edilməsi, İŞİD təhlükəsinin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə həyata keçirilən "Fərat qalxanı” əməliyyatı uğurla başa çatıb. Əməliyyatın başa çatdığını təsdiqləyən Baş nazir Binəli Yıldırım gələcəkdə ölkənin təhlükəsizliyinə təhdid olduğu təqdirdə yeni əməliyyatın keçirilməsinin mümkünlüyünü vurğulayıb: "İki min kvadratmetrdən çox ərazi terrorçulardan azad edilib. Hazırda orada "Azad Suriya Ordusu” yerləşib. Gələcəkdə təhdidlər baş versə, yeni əməliyyata başlanıla bilər”. 

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Tofiq Abbasov deyib ki, rəsmi Ankara Yaxın Şərqdə strateji maraqlarının olduğunu heç vaxt gizlətməyib:

 "Türkiyə təhlükəsizlik baxımından Suriyada mövcudluğunu təmin etmək, silahlı kürd qüvvələrinin imkanlarını mümkün qədər məhdudlaşdırmaq və gələcəkdə Suriya dövlətinin formalaşmasında yaxından iştirak etmək niyyətini dəfələrlə açıqlayıb. Bunlar Türkiyə üçün son dərəcə mühüm məsələlərdir. Çünki hərbi toqquşmaların getdiyi ərazilər Türkiyə ilə sərhəddir. Bu baxımdan orada gedən bütün proseslərdə Türkiyə özünü haqlı oyunçu sayır. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə vəziyyət çox gərgindir. Bölgədə 50-dən çox dövlətin maraqları kəsişir. Gələcəkdə region necə formalaşacaq, Suriyanın və İraqın müqəddəratı necə olacaq, kürd dövlətinin qurulması reallaşacaqmı kimi məsələlərdə Türkiyə öz ağırlığını qoymağa çalışır. Bu səbəbdən mənəvi və fiziki baxımdan proseslərə müdaxilə edir”. Ekspertin sözlərinə görə, "Fərat qalxanı” əməliyyatı qismən də olsa nəticə verdi: "Əsasən kürdlərin yaşadığı üç bölgədə terrorçuların birləşməsinə imkan verilmədi. Suriyada kürd dövlətinin yaradılması ehtimalı minimuma endirildi. Prinsip etibarı ilə əməliyyat öz hədəfinə çatdı. Amma Binəli Yıldırım bəyan etdi ki, gələcəkdə yeni əməliyyatlar ola bilər. Türk ordusu hələ Suriya ərazisində qalmaqdadır. Zəruri hal meydana gələrsə, yeni əməliyyatlara icazə verilə bilər. Hesab edirəm ki, bölgədə nisbi sabitlik formalaşmaq üzrədir. Türkiyə Qərb, Rusiya və İranla yaxından əməkdaşlıq edərək vəziyyətin gərginləşməsinə şərait yaratmır. Bundan sonra ABŞ və digər dövlətlərin özlərini necə aparacağı sual doğuran məsələdir. Hər halda Suriyada yeni dövlətin qurulub-qurulmayacağı, seçkilərin nə vaxt keçiriləcəyi, Bəşər Əsədin aqibəti ilə bağlı uzun sürən müzakirələrin aparılacağı şübhəsizdir”.

İsmayıl