Birinci Dünya müharibəsi illərində Azərbaycan mətbuatı...

Müəllif dörd illik müharibə dövründə nəşr olunan mətbu orqanlara geniş yer ayırıb



1914-cü ilin iyun ayında bəşəriyyət tarixində miqyasına görə dünyanın ən böyük müharibəsi hesab edilən Birinci Dünya müharibəsi başlandı. Müharibənin başlanmasının səbəbkarı Almaniya, İngiltərə, Avstriya, Macarıstan və Rusiya idi. Qlobal mahiyyət alan bu müharibədə dünyanın 38 ölkəsi iştirak edirdi. Almaniyanın hərbi-strateji müttəfiqi kimi Türkiyə sonu bəlli olmayan müharibəyə başladı və dünya müsəlmanlarına müraciət ünvanlayaraq cihad elan etdi. Türkiyə Rusiya ilə müharibədə Zaqafqaziya və Dağıstandakı müsəlman xalqlarının köməyinə ümid bağlayır, böyük ordu hissələrini Qafqazda yerləşdirirdi.

Şərqi Anadolunun Qars, Ərzurum, Ərdəhan bölgəsində müharibənin törətdiyi dəhşətlərdən evsiz-eşiksiz qalmış insanlar Güney Qafqaza, Azərbaycana üz tutdular. Anadolu türkləri təkcə qaçqınlıq həyatı yaşamadılar, Sarıqamış ətrafında aparılan əməliyyatlarda əsir götürülən türklərin bir çoxu Rusiyanın bir sıra həbs düşərgəsinə aparıldığı kimi Nargin adasına da gətirildi. Rus çinovniklərinin Bakı əhalisinin gözü qarşısında türk əsirlərinin Narginə aparılmaları ciddi etirazlar doğurdu. İctimai-siyasi təşkilatların, milli mətbu orqanların siyasi maarifçilik işi, milli kimliyin və təfəkkürün formalaşmasında türk həmrəyliyinin yaranmasında oynadıqları rol öz təsirini göstərirdi. Müsəlman duyğusundan, milli kimlik düşüncəsindən doğan hisslər xalqın Türkiyəyə olan rəğbətini artırırdı.

Mətbuat tarixi üzrə araşdırmaçı, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuatı tarixi” (1875-1920)” kitabında dörd illik müharibə dövründə nəşr olunan mətbu orqanlara geniş yer ayırıb. Müəllif öz araşdırmalarında qeyd edib ki, jandarm idarələrinin, agentura şəbəkəsinin fəaliyyət göstərib milli ruhlu ziyalıları təqib etməsinə baxmayaraq, müharibənin gedişində Azərbaycanda mətbu orqanlar fəaliyyətini davam etdirib, yeni qəzetlər, jurnallar nəşr olunub: 

"Müharibənin başlanması ərəfəsində "Bəsirət” qəzeti nəşr olundu. "İctimai-siyasi, iqtisadi və ədəbi türk” qəzeti olan "Bəsirət” 1914-cü ilin aprel ayının 14-də ilk sayını oxuculara çatdırdı. Hacı İbrahim Qasımovun baş redaktorluğu ilə işıq üzü görən bu mətbu orqan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də nəşrinə nail oldu. 1920-ci il aprel ayının 27-də baş verən bolşevik işğalı qəzetin fəaliyyətinə son qoydu. İşğaldan sonra bir neçə sayın çapını həyata keçirmək mümkün olsa da, sonradan qarşıya çıxan çətinliklər, ideoloji basqılar "Bəsirət”i tarixin salnaməsinə çevirdi. 7 il fəaliyyət göstərən "Bəsirət” dövrün görkəmli publisistləri, siyasi-ictimai xadimləri, o cümlədən M.Ə.Rəsulzadə,
N.Nərimanov, M.B.Məmmədzadə çıxış edirdilər”. 

A.Aşırlı kitabında hər on beş gündən bir nəşr olunan "Dirilik” jurnalı haqqında da yazıb: "Diriliş” 1914-cü ilin sentyabr ayının 16-da mətbu həyata qədəm qoydu. 

Jurnal M.B.Məmmədzadənin yazdığı kimi həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, üçüncü il isə 7 nömrəsi çıxan mətbu orqanın nəşri 1916-cı ilin ortalarında dayandırılıb. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznibi idi. M.Ə.Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnəti Qafarzadənin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik” jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan M.Ə.Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?” adlı məşhur əsəri də bu jurnalda çıxıb. Rus imperiyasının dünyaya hakim olmaq planlarından bəhs edən "Rus imperatoru I Pyotrun vəsiyyətnaməsi” adlı tarixi sənəd də "Dirilik”də dərc olunub. Məcmuənin ən başlıca məqsəd və məramı Azərbaycan türklərinin siyasi şüurunu formalaşdırmaq, onu milli varlığını qoruyub saxlamaq uğrunda mübarizədə birləşdirmək idi. Jurnalın ilk sayında baş mühərrir Ə.Müznibi "Məqsədimiz” adlı məqaləsində bəşəriyyətin son üç-dörd minillik tarixinə səyahət edir, xalqı bu tarixi imtahanlardan ibrət dərsi almağa səsləyir, fiziki və mənəvi diriliyin ölüm-dirim mübarizəsi ilə əldə edildiyini göstərir. 

"Dirilik”də XX əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatının bir sıra dəyərli nümunələri çap olunub. Bu məcmuə ədəbi-bədii fikrin formalaşmasına xidmət edib. Əmin Abidin, Ümmugülsümün, Rəcəb Əfəndizadənin ədəbi yazılarında vətənə məhəbbət, islam əxlaqına uyğun insani münasibətlər təbliğ olunurdu. "Dirilik” bütün fəaliyyəti boyunca Azərbaycan xalqında milli mənlik şüurunun yüksəlişinə xidmət etdi. "Dirilik” Azərbaycan mətbuatı tarixində ideya rəhbəri Ə.Müznibinin 1911-ci ildə arzu etdiyi "Mətbuatın kəlamı, əsrin kəlamı olmalıdır” şüarı ilə nəşr edildi və tarixiləşdi”. Araşdırmaçı kitabında bildirib ki, öz ideya-siyasi istiqaməti ilə bütöv bir dövr, məxsusi olaraq Cümhuriyyət dövrü mətbuatına təsir edən "Açıq söz” qəzeti istiqlal amallı mətbu orqanların yaranmasına təkan olub: "1915-ci ilin oktyabr ayının 2-də ilk sayı işıq üzü görən bu mətbu orqan ilk dəfə olaraq milli kimliyimizi "müsəlman” və "tatar” sözlərindən "xilas” edərək "türk” sözü ilə dəyişdirdi. Qəzetin ilk sayı Məhəmməd Əli Rəsulzadənin müdirliyi və M.Ə.Rəsulzadənin baş mühərrirliyi ilə "İqdam” mətbəəsində nəşr olundu. 

"Açıq söz” qarşıya qoyduğu məqsəd və məramı ilk sayında işıq üzü görən proqram xarakterli məqaləsində açıqlayaraq yazırdı:

"Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin millətçilik əsiri olduğunu isbat etdi”. "Dünyanın xəritəsi qəribə dəyişəcək” deyə heyrət qarışıq bir cümlə indi bir çox ağızlarda eşidilməkdədir. Özlərinin lüzumunca bilib də istiqlal üçün müəyyən bir ideal məfkurə bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvə təşkil edir. Bu sürətlə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə sahib olmalıdırlar”. 
"Açıq söz” ilk sayında xalqı milli varlığını qorumağa, haqq-hüquqlarını tələb etməyə çağırır, onları "müəyyən fikir və əməl” ətrafında birliyə səsləyirdi. Qəzet demokratik prinsiplər ətrafında xalqın bütün zümrələrinin birliyinin son nəticədə Azərbaycan xalqının milli-mənəvi, dini sahələrdə dinamik inkişafı ilə nəticələnəcəyi qənaətində idi. Çarizmin Qafqazdakı senzor komitələrinin nümayəndələri olan Qaraxanov və Kişmişovların türk xalqlarının birlik və inkişafının qarşısını almaq üçün uydurduqları "panislamizm”, "pantürkizm”dən uzaq olan "Açıq söz”ün birliyə çağırışı yalnız xoş məram və məqsədlərdən doğurdu. Qəzet ilk sayından etibarən Rusiyanın daxilində gedən ictimai-siyasi proseslər, Azərbaycanda baş verən hadisələr, milli dirçəliş, milli-mədəni muxtariyyat məsələləri və müharibənin xalqların həyatına gətirdiyi faciələr barəsində yazılar dərc edirdi. "Açıq söz”ün maraqlılığında, mövzu rəngarəngliyində dövrün görkəmli publisistləri, ictimai-siyasi xadimlərindən Ömər Faiq Nemanzadənin, Həsən bəy Ağayevin, Hüseyn Cavidin, Abdulla Şaiqin, Əhməd Cavadın, Şəfiqə xanım Əfəndizadənin, Tağı Şahbazinin böyük xidmətləri olub. Qəzetin yazarları tək müharibənin gedişini işıqlandırmır, müharibənin insanları faciələrə gətirib çıxarmasını, onları yurdsuz-yuvasız qoymasını da qələmə alır, müharibədən zərər çəkənlərə yardım əli uzatmağı həmvətənlərinə məsləhət görürdü. Hətta qəzet Anadoluda müharibədən zərər görmüş, yurdsuz-yuvasız qalmış türk qardaşlarının ehtiyaclarını ödəmək üçün ianə kampaniyaları da keçirirdi. Məhəmməd Əli və Məhəmməd Əmin Rəsulzadələr İsa bəy Aşurbəyovun "Kaspi” elektrik mətbəəsini alaraq "Açıq söz”ün mülkiyyətinə çevirdilər və burada ilk toplu olaraq "Qardaş köməyi” dərgisini nəşrə hazırladılar. Bu dərginin satışından əldə olunacaq vəsaitin Qars çevrəsində müharibədən zərər görmüş insanlara verilməsi nəzərdə tutulub. Dərgi barəsində M.B.Məhəmmədzadə yazır: "Bu məcmuə inqilabdan qabaq başlayıb, inqilabın birinci ayında, fevralın başında çıxmalı ikən, sonra çıxdı”. Yalnız bir saydan ibarət olan dərgidə Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq, M.Ə.Rəsulzadə, M.S.Ordubadi, F.Köçərli C.Cabbarlı, Ə.Haqverdiyev kimi milli mövqeyi ilə seçilən tərəqqipərvər ədiblərin türk xalqının taleyinə gətirdiyi faciələrə həsr etdikləri əsərlər çap olunub. "Qardaş köməyi” dərgisinin daha çox satılıb, xeyli miqdarda pul toplanması üçün qəzetdə mütəmadi olaraq elanlar dərc olunurdu. "Açıq soz”ün 18 yanvar 1918-ci il sayında "Möhtaclara kömək” qəzetinin dərc olunması barədə də məlumat var. Bakıda təsis edilmiş "Möhtaclara kömək” Cəmiyyətinin təsis etdiyi bu mətbu orqanın da əsas məqsədi Birinci Dünya müharibəsində ev-eşiksiz qalmış, döyüş meydanlarında əsir götürülmüş türklərə kömək edənlərin fəaliyyətini qiymətləndirmək idi. Çox təəssüf ki, "Açıq söz” mətbəəsində çap olunan bu qəzetin cəmi 4 sayı işıq üzü görüb. İstiqlal və azadlıq duyğularını tərənnüm edən mətbu orqanlar fəaliyyətlərini genişləndirdikləri kimi ölkənin ictimai-siyasi təşkilatları da fəallıqlarını artırırdılar. Müsavat Partiyasının 1917-ci ilin oktyabr ayının 26-dan 31-dək Bakıda davam edən qurultayı yerli mətbu orqanların da əsas mövzusuna çevrilib. "Türk-ədəmi mərkəziyyət - Müsavat” firqəsinin orqanı olan, həftədə bir dəfə işıq üzü görən "Müsavat”ın şüarı "insanlara hürriyyət, millətlərə müsavat” idi. "Müsavat” qəzeti qurultaya hazırlıq prosesi, onun gedişini işıqlandıran xeyli sayda materiallar dərc etmişdi”. A.Aşırlı araşdırmasında qeyd edib ki, Birinci Dünya müharibəsi dönəmində Azərbaycan mətbuatı tarixində liberal istiqamətli satirik jurnallar da nəşr olunub: "Tuti” adlı satirik məcmuə 1914-cü ilin dekabrında, müharibənin başlandığı bir vaxtda işıq üzü gördü. İlk sayında "Tuti” öz məqsəd və məramını açıqlayaraq yazırdı: "Doğru, qərəzsiz və açıq türk dilində yazıb cəmaətimizə nəfi və millət nöqteyi-nəzərincə əhəmiyyətli maddələri təlim edən hər növ məqalələrə məcmuəmizdə yer verilir”. Məram və məqsədini açıqlayan jurnalın baş məqaləsindən hiss olunurdu ki, "Tuti”çilər insanların azad yaşayacaq bir dövrdə olmasını arzulayırlar. Jurnalın redaktoru Cəfər Bünyadzadə, naşiri Tağı Nağıyev idi. "Tuti”nin yaradıcı heyətinə C.Bünyadzadə, M.S.Ordubadi, Seyid Hüseyn, M.Hadi, M.Hacınski, S.Mümtaz və başqa yazarlar daxil idi. 1914-cü ildə Haşım bəy Vəzirov Bakı Şəhər İdarə rəisinə "Məzəli” adlı satirik jurnalın nəşrinə icazə üçün ərizə təqdim edir. Həmin ilin oktyabr ayının 29-da artıq H.Vəzirova naşirlik şəhadətnaməsi verilir. Siyasi və yerli mövzularda karikaturaların dərcinə də razılıq alan H.Vəzirov "Məzəli”ni Hacı İbrahim Qasımovla birgə çıxarıb. İlk sayı 1914-cü ildə işıq üzü görən jurnal "Səda” mətbəəsində nəşr olunub. "Məzəli”nin üst-üstə 42 sayı çap olunub. 1914-cü ilin dekabr ayından 1915-ci ilin iyun ayınadək "Məzəli” H.Vəzirovun redaktor naşirliyi ilə çıxıb, 1915-ci ilin iyunundan həmin ilin oktyabr ayına, yəni jurnal bağlananadək onun redaktoru H.İ.Qasımov olub. Jurnalda C.Cabbarlı, Əzim Əzimzadə, Əliqulu Qəmküsar, Əliabbas Müznibi, Əbdülxaliq Yusif kimi publisistlər iştirak ediblər. 1915-1916-cı illərdə "Babayi-əmir” jurnalı da nəşr edilib. Mətbuatda "zərərli istiqamətli” yazılarına görə Sibirə sürgün edilən Ə.Müznibi Romanovlar sülaləsinin üç yüz illiyi münasibətilə əfvə düşdükdən sonra 1913-cü ildə Bakıya qayıdır və yeni mətbu orqanlar yaratmağa başlayır. Lakin sürgün həyatını nəzərə alan yerli çap orqanları onun qəzet təsis etməyinin qarşısını alır. Ə.Müznibi 1914-cü ildə bu işin çarəsini taparaq, fənd işlədib yaşca özündən böyük olan qardaşı Əbülfəz Mütəllibzadənin adına "Dirilik”, 1915-ci ilin aprel ayından isə "Babayi-əmir” adlı satirik jurnalı qeydiyyatdan keçirir. Mütərəqqi ədiblərin jurnalın ətrafına toplaşması və Ə.Müznibinin tərcümeyi-halı yerli çar orqanlarının, Senzura Komitəsinin ciddi narahatlığına səbəb olub. Jurnalda Cəfər Cabbarlı, Əliağa Vahidin felyetonları satirik şeirləri dərc olunub. "Babayi-Əmir”in 27 nömrəsi karikaturasız nəşr olunmuş, bu nömrədən sonra isə Ə.Əzimzadə jurnalda mövzulara uyğun karikaturalarını dərc edib”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb