Müğənni də JURNALİSTƏ ağıl öyrədir, deputat da, nazir də...

Mehman Əliyev: "Öz bacarıqsızlıqlarını, səhvlərini ictimaiyyətdən gizlətmək istəyirlər"


"Media yaranan gündən inqilabların həyata keçirilməsi, tətillərin baş verməsi, iqtisadi problemin olmasını medianın üzərinə yıxırlar”.

Bunu Sherg.az-a "kriminal və intihar xəbərlərinin mediada geniş şəkildə tirajlanması bu tipli hadisələrin sayının artmasına səbəb olur" iddiasına münaisbət bildirərkən "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib. 

O bildirib ki, mediada belə xəbərlərin yayılmasının qadağan olunmasını istəyənlər mövcud vəziyyətin ictimaiyyət tərəfindən eşidilməməsinə çalışırlar. Bununla da öz peşə səviyyələrinin tutduğu vəzifəyə uyğun olmadığını cəmiyyətdən gizlədirlər: " 

"Öz bacarıqsızlığını, səhvlərini və s. ictimaiyyətdən gizlətmək istəyirlər. Ona görə də bu tip çağırışlarla məşğul olur, medianın üzərinə gəlirlər. Medianın rolu hər hansı mövcud olan problemləri üzə çıxarmaq, ictimaiyyətin və medianın iştirakı ilə məsələni müzakirə etmək, çıxış yollarını tapıb, problemi həll etməkdir. Əgər müsbət hallar varsa, onları nümunə kimi göstərməli və o tipli halların artmasına təkan verməlidir. 

Əslində media bir tərəfdən vəziyyəti, prosesi, hadisəni işıqlandırmağa məhkum olan institutdur. İkincisi, bu problemin çıxış yolları göstərilməlidir. Onları ictimai müzakirəyə çıxarmalı və həllinə nail olunmalıdır. Medianın bu fəaliyyəti cəmiyyətin inkişafı, iqtisadi, sosial, mənəvi təmizlənməsini təmin edən fəaliyyətdir. Ona görə, Azərbaycanda yaranmış böhranda medianın günahı yoxdur.  Bunlar dövlətin problemləridir. Əgər intiharlar varsa, bunun səbəbləri aksiomadır. Hər kəs eyni şəkildə sosial, iqtisadi problemləri, bundan irəli gələn cürbəcür sosial təsirləri, işsizliyi, ümidsizliyi, cəmiyyətdəki aqressiyanı intiharın səbəbləri arasına daxil edir. Bu cür hallar əslində müzakirə olunmalıdır. Medianı günahlandırmaq düzgün deyil. Mediada bu xəbərlərin verilməsini qadağan etmək problemi həll etmir, daha da çoxalmasına gətirib çıxarır. Ona görə, hesab edirəm ki, bu yol düzgün deyil və qəbul olunmazdır”.

Ayyət Əhməd