"Almaniyada AXC ilə bağlı topladığım sənədlər orada qarajda qalıb" - Gömrükdə əngəl



"Ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı verdiyi sərəncamı alqışlayıram”.

Bunu Sherg.az-a Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı , tarixçi alim Nəsiman Yaqublu deyib. O xatırladıb ki, gələn il yalnız Azərbaycan xalqı deyil, gürcülər, ermənilər və Şərqi Avropa ölkələri də müstəqil, demokratik dövlət qurmalarının 100 illiyidir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin yubileyini elə səviyyədə təşkil etməliyik ki, onlarla müqayisədə pis vəziyyətdə qalmayaq: 

Digər tərəfdən Cümhuriyyətin yubileyinin yüksək səviyyədə keçirilməsini istəyirlərəsə, bu tədbirlərə  M.Ə.Rəsulzadə və AXC-nin əleyhinə danışan deputatlar, dövlət məmurları dəvət olunmamalıdır.  AXC-nin yubileyinə həmin şəxslər daxil edilsə, yubileyin yüksək səviyyədə keçirilməsinə bəri başdan təminat vermirəm. Bu səbəbdən tədbirlərin yüksək səviyyədə təşkili üçün AXC tarixini yaxşı bilən, ona ürəklə, ideya və məfkurə ilə bağlı olan şəxsləri siyahıya daxil etmək lazımdır. Onda gürcülərdə, ermənilərdə yüzillik yubileylərin keçirilməsi ilə müqayisə etdikdə, bizim yubiley tədbirlərimiz geri qalmayacaq, daha da irəli gedəcək. Əks halda faktlarla müqayisədə yubileyi pis vəziyyətə salacağıq”.

N.Yaqublu bildirib ki, 100 illik yubileyin yüksək səviyyədə keçirilməsinin əsasını Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin toplanılıb, ölkəmizə gətirilməsi təşkil etməlidir:

"AXC ilə bağlı olan xarici ölkələrdəki materialların toplanması, qurucuların məzarlarının heç olmasa Azərbaycan torpaqlarına gətirilməsinin təmin edilməsi vacibdir. Gələn il 100 illik yubileydə ziyarət etməyə Cümhuriyyət qurucularından heç kimin məzarını tapmayacağıq. Düşünün, yubileydə bir dəstə gülü hara aparıb, qoyacağıq? Cümhuriyyətin 100 illiyidir, biz necə onların xatirəsini yad edək? M.Ə. Rəsulzadənin məzarı Ankarada, Ceyhun Hacıbəyli və Əlimərdan bəy Topçubaşovun məzarları Fransada, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin məzarları isə Gürcüstandadır. Deməli, Azərbaycan xalqı Cümhuriyyət qurucularını yad etmək istəyirsə, hər bir ölkəyə aparıb, məzarları üzərinə gül dəstələri qoymalıdır? Nə üçün onların məzarlarını Azərbaycana gətirməməliyik? Bu gün Azərbaycan Xalq Cümhuriyyəti haqqında bir dənə olsun sənədli film çəkilib, gələcək nəsillərə ötürülməyib ki, onlar baxıb, tariximiz haqqında bilgi əldə etsinlər. Bir dənə də olsun, Cümhuriyyət haqqında söz deyilmir, yazılar verilmir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, gördüyü işlər barədə yaxşı filmlər çəkmək lazımdır. Məndə olan məlumata görə, Qazaxıstanda, digər respublikalarda öz dövlətləri haqqında çox gözəl filmlər çəkirlər. Biz də o filmləri çəkib, Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının adlarını əbədi yaşatmalıyıq”.

Cümhuriyyət qurucularını bir-birlərinə qarşı qoymağın düzgün olmadığını qeyd edən N.Yaqublunun sözlərinə görə, bir deputat Cümhuriyyətin qurucusunun adını çəkir, digər məmur başqa qurucunun adını irəli sürüb, qəsdən qarşı-qarşıya qoyur:

"Bu amillər yığışdırılmalıdır. Tariximizin təbliğinə milli həmrəylik, milli əxlaq ölçüsü ilə yanaşılmalıdır. Cümhuriyyət qurucularının hər birinə sayğı ilə yanaşılmalıdır. Bu Cümhuriyyətin əsas qurucusu və banisi, ideoloqu da məhz M.Ə.Rəsulzadədir. M.Ə.Rəsulzadəni AXC-nin 100 illik yubileyində tənqid obyektinə çevirmək lazım deyil. Cümhuriyyət qurucuları haqqında isə tək Azərbaycan dilində yox, xarici dillərdə, xüsusilə, ingilis və rus dillərində kitablar, onların irsi haqqında yazılar çap edilməlidir. AXC irsi dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu iş üzrə dövlət tərəfindən vəsait ayrılmalıdır. Ciddi məsələ kimi bunları diqqətdə saxlamalıyıq. Cümhuriyyət qurucularının xarici ölkələrdə yaşayan qohumları var. Onları bu proseslərə cəlb etmək lazımdır ki, hərəsi bir ölkədən qoşulsun və nəticədə biz AXC-i yüksək səviyyədə bu ölkələrdə də qeyd edək”.

Tarixçi alim onu da əlavə edib ki, AXC ilə bağlı sənədlərin toplanıb gətirilməsinə dövlətin dəstəyi olmalıdır. Çünki bir qədər ağır yükü gömrükdən keçirmək mümkün olmur:

"Tariximizlə bağlı sənədlərin xarici ölkələrdən gətirilməsinə kifayət qədər maliyyə tələb edirlər. Məsələn, mən Almaniyadan AXC ilə bağlı sənədlər topladım və ölkəmizə gətirmək istədim. Gömrükdən həmin sənədləri keçirmək mümkün olmadı. Həddən artıq çox vəsait tələb olundu. Bu günə qədər də həmin sənədlər Almaniyadakı dostumun "qaraj"ındadır. Mən onları ölkəyə gətirə bilmirəm, çünki gömrükdə yüksək məbləğdə pul ödəməliyəm. Amma nə vaxta qədər Cümhuriyyətə aid sənədləri kimlərinsə, şəxsi "qaraj"larında saxlayacağıq? Kömək edin, əvvəl bu sənədləri gətirək ki, sonra da yubiley tədbirlərinə başlaya bilək”.

Ayyət Əhməd