Prezidentin imzaladığı növbəti sərəncam Cümhuriyyət tarixinin gənc nəslə çatdırılmasında yeni imkanlar açacaq
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam verib. Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək. Bununla bağlı Nazirlər Kabineti AXC-nin yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayacaq və Milli Məclis xüsusi iclasını keçirəcək.
Xatırladaq ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Cümhuriyyət dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib. O vaxtdan etibarən xalqımız 28 May gününü Respublika günü olaraq təntənəli şəkildə qeyd edir.
Sərəncamla bağlı "Şərq”ə danışan millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, AXC-nin 100 illiyi ilə bağlı rəhbərlik etdiyi təşkilatın böyük tədbirlər planı var. Deputatın sözlərinə görə, hazırladıqları plan yaxın müddətdə müvafiq dövlət orqanına təqdim ediləcək və fəaliyyətləri Nazirlər Kabinetinin tədbirlər planına uyğun olacaq:
"Məsələni əhatəli şəkildə həll etmək çox vacibdir. Prezidentin müvafiq Sərəncamını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Sərəncam tarixi irsimizə olan diqqətin göstəricisidir. Çalışmalıyıq ki, Cümhuriyyətin 100 illiyini "mənim-sənin” tədbiri kimi yox, azərbaycanlıların birlik modelini göstərən ümumi tədbir kimi qeyd edək. Əgər bunu bacarsaq, çox yaxşı olar. Ümid edirəm, AXC-nin 100 illiyi ilə bağlı təntənəli tədbirlər Azərbaycan cəmiyyətinin daha da bütövləşməsinə imkan yaradacaq”.
Millət vəkili, AMEA-nın müxbir üzvü, tarixçi-alim Musa Qasımlı da "Şərq”ə açıqlamasında deyib ki, Cümhuriyyətimizin qurulmasının 100-cü ildönümünün qeyd edilməsinə dair Prezident İlham Əliyevin imzaladığı sərəncam böyük ictimai-siyasi, elmi-tarixi, mədəni və mənəvi-psixoloji əhəmiyyət daşıyır:
"İlk növbədə bu sənəd, müsəlman Şərqinə "cümhuriyyət” məfkurəsini gətirmiş və respublika idarə üsulunu tətbiq etmiş Azərbaycan xalqının qədim və zəngin dövlətçilik tarixindəki varisliyini və ona olan dərin ehtiramını özündə əks etdirdiyi üçün əhəmiyyətlidir. Cümhuriyyətin yaradılması bu sərəncama əsasən dövlət səviyyəsində qeyd ediləcək, Milli Məclisin xüsusi iclası olacaq. Həm ölkəmizdə, həm də xaricdə müxtəlif toplantılar keçiriləcək.
Elmi-tədqiqat institutları, universitetlər, orta məktəblər və digərləri simpozium və konfranslar təşkil edəcək. Çoxlu məqalələr dərc ediləcək, kitab və rəsm sərgiləri keçiriləcək və s. Xatırlatmaq yerinə düşər ki, Cümhuriyyətin 80 illiyi ilə bağlı 1998-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamdan sonra dövr tarixinin sistemli araşdırılmasına başlanılıb. Sənədlər külliyyatları nəşr edilib. Cənab Prezidentin imzaladığı növbəti sərəncam Cümhuriyyət tarixinin gənc nəslə çatdırılmasında yeni imkanlar açacaq”.
İsmayıl