Trampın Ərdoğana verdiyi vədlər mənasızdır

Çünki Amerikanın terrorçulara silah- sursat yardımı faktlarla sübut olunub



Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib. Liderlər arasında görüş 22 dəqiqə çəkib. Heyətlərlə birgə toplantı isə 2 saat davam edib. Görüşdə terrorla mübarizəni əsas mövzu olaraq önə çıxaran Ərdoğan ABŞ-la hər zaman əməkdaşlığa hazır olduğunu söyləyib. Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

O, Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu qeyd edib. Türkiyə Prezidenti Trampı öz ölkəsinə dəvət etməyi də unutmayıb. Yaxın Şərqdə "terrorçu təşkilatlara yer yoxdur” deyən Ərdoğan ABŞ-ın bir həftə öncə silahlandırmağa başladığı kürdlər haqqında sərt ifadələr səsləndirib. Fikir ayrılıqlarına baxmayaraq, Ərdoğan və Tramp ikitərəfli münasibətlərin inkişafı haqqında müsbət rəy verib və onları möhkəmləndirməyi öhdələrinə götürüblər. Türkiyə Prezidenti terrora qarşı ortaq hədəfin önəmli olmasını vurğulayıb: "Xüsusilə YPG və PYD terror təşkilatının hansı ölkə tərəfindən olursa olsun, müttəfiq olaraq qəbul edilməsi, qlobal razılaşmaya uyğun deyil”. Tramp da öz növbəsində PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ Türkiyəni dəstəklədiyini bildirib. Türkiyə Prezidenti Ərdoğan ilə görüşündən dərhal sonra tvitterdə video paylaşan Tramp "Prezident Rəcəb Tayyib Ərdoğanı bu gün Ağ Evdə qarşılamaq böyük bir şərəfdir” yazıb.

Tramp Ərdoğandan keşişin azad olunmasını xahiş edib

Tramp Ərdoğanla görüşü zamanı FETÖ ilə əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılmasını xahiş edib. Tramp keşiş Endryu Bransonun həbsi məsələsində güzəşt tətbiq edilməsini istəyib. Xatırladaq ki, Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra FETÖ ilə əlaqədə ittiham olunaraq həbs edilən şəxslər arasında amerikalı keşiş Endryu Branson da var. Onun barəsində 2016-cı ilin oktyabrından həbs-qətimkan tədbiri seçilib.

Ərdoğan-Tramp görüşünə damğa vuran "qol” hərəkəti

Türkiyə Prezidenti Ərdoğanla ABŞ Prezidenti Tramp arasındakı görüşdə maraqlı olay yaşanıb. 22 dəqiqəlik görüşdən sonra birgə mətbuat konfransı keçirən Ərdoğan və Tramp görüşünə "qol” hərəkəti damğa vurub. Görüntülərdə Trampın Ərdoğanın qolunu çəkmək üçün həmlə etdiyi, ancaq Ərdoğanın sürətli hərəkət edərək Trampın əlini özünə tərəf çəkdiyi görünür.

"Türkiyəyə verilən vədlər reallaşmayacaq”

Politoloq Natiq Miri bildirib ki, Ərdoğanla Trampın bir araya gəlməsinin və bəzi məsələləri müzakirə etməsinin özü müsbət haldır. Ancaq hələlik heç bir ciddi anlaşmadan söhbət gedə bilməz: "Son dönəmlər, xüsusən Obama dövründən bu yana iki dövlət arasında münasibətlər gərgin müstəvidə inkişaf edirdi. Tramp hakimiyyətə gələndən sonra iki ölkənin rəhbərləri bir araya gəlmədikləri üçün münasibətlərdə soyuqluq davam edirdi. Görüş öncəsi ABŞ Prezidentinin PYD-yə silah verilməsi ilə bağlı sərəncam verməsi isə əlaqələri bir qədər də kəskinləşdirdi. Çünki bu sərəncam terrorçu güclərin legitimləşməsi anlamına gəlirdi. Xüsusən, Ərdoğanın ABŞ səfəri öncəsi belə bir sərəncamın verilməsi əməkdaşlığa mənfi təsir göstərdi. 

İstənilən halda görüş baş tutdu. Amma liderlərin görüşündə gələcək danışıqların müsbət məcrada davam etdirilməsi ilə bağlı müzakirələr aparıldı. Qətiyyən iddia etmək olmaz ki, ABŞ və Türkiyə arasında hansısa məsələ ilə bağlı konkret anlaşma olub. Ola bilər, Tramp Ərdoğana gələcəklə bağlı bir sıra vədlər verib. Ancaq fikrimcə, verilən vədlərin hamısı boşdur. Çünki Amerikanın terrorçulara silah-sursat yardımı faktlarla sübut olunub. Zənnimcə, Tramp boş vədlərlə bir qədər zaman qazanmağa çalışır”. Ekspertə görə, digər ziddiyyətli məsələ Fətullah Gülənin Türkiyəyə verilməsi ilə bağlıdır: "Müzakirələr aparılsa da, bu məsələdə anlaşma yoxdur. Gülən təkcə Türkiyə ilə bağlı şəxs deyil, o, ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən əsas fiqurdur. Belə bir fiqurun asanlıqla Türkiyəyə verilməsi az ehtimal edilir. Bu, hüquqi prosedurdur və onu istənilən qədər uzatmaq mümkündür. Düşünürəm ki, Türkiyəyə hər iki məsələ ilə bağlı verilən vədlər reallaşmayacaq”.

İsmayıl