Həsən Həsənov fürsətdən yararlanmadı

Diplomat gərək erməni tələbənin qarşısında çıxış edib, onu susduraydı



Mayın 15-də Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun Varşava Universitetinin tələbələri ilə görüşü olub. Görüşə Polşa Universitetində təhsil alan erməni tələbə Tiqran Ohanyan da qatılmaq istəyib və zala girib.

T.Ohanyan bu barədə sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, zala girərkən Azərbaycanın səfiri Həsən Həsənov mənə baxdı və dedi: "Mən bu oğlanı tanıyıram. O ermənidir. O burdan çıxmayana qədər mən danışmayacağam”. Zalı tərk etməyə məcbur olduğunu yazan T.Ohanyan Həsən Həsənovun bununla tələbələrə "dözümsüzlük dərsi” keçdiyini bildirib.

Maraqlı məqam səfirimizin hansısa bir erməni tələbəni tanıması və bunu açıq-aşkar bildirməsidir. T.Ohanyanın "dözümsüzlük dərsi” ritorikasından da hiss olunur ki, bu erməni tələbə bir neçə dəfə öz təxribatçılığı ilə cənab səfirimizin diqqətini çəkib. Bu səbəbdən Həsən Həsənov onu zaldan qovmaq zərurətini hiss edib.

Politoloq Qabil Hüseynli isə səfirimizin atdığı addımın təqdirəlayiq olmadığını deyib. Onun sözlərinə görə, Həsən Həsənov göydəndüşmə fürsəti dəyərləndirəcək qədər peşəkar olmayıb: 

"O, erməni tələbəni nişan verərək polyak tələbələrin qarşısında ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər, təcavüzkarlıq və etdikləri soyqırımdan danışmalı idi. Görünür, səfir hazırlıqsız adam olduğu üçün bu cür davranmağa ehtiyat edib və ən asan yolu seçib. Səfir əgər Azərbaycan həqiqətlərini tam dəqiqliyi ilə bilsəydi, erməni tələbənin qarşısında çıxış etməkdən çəkinməzdi və ermənilərin əlinə fürsət verməzdi. Axı zala daxil olan erməni tələbə nə deyəcəkdi ki, səfir Həsənov onun qarşısında arqumentsiz qalacağından ehtiyat edib. Ermənilər Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və bununla öyünürlər. 1 milyondan artıq insanı öz yurd- yuvasından didərgin saldıqları, Azərbaycan dövlətinə 350 milyard dollarlıq ziyan vurub, maddi və mədəniyyət nümunələrini məhv ediblər. Bunları qeyd etmək lazım idi”.

Şəymən