Yasamal sakinlərinin rahatlığı pozulub

Tikinti şirkəti gecə saat 3-də səs-küylü iş görür



Yasamal rayon Həsən bəy Zərdabi 84 ünvanının sakinləri bir neçə müddətdir ki, yaşadıqları ərazidə gecə saat 3 radələrində tikinti işlərinin aparılması ilə bağlı redaksiyamıza müraciət ediblər. Vətəndaşlar gecə saatlarında bir sıra tikinti və qazıntı işlərinin aparılmasından dolayı yaranan səs-küydən şikayətlənirlər.

Onların sözlərinə görə, tikinti işlərini aparan şəxslərlə danışsalar da, işlər hələ ki, dayandırılmayıb. Hadisənin həllini necə tapması və hüquqi baxımdan şərh edilməsi üçün ekspertlərin fikirlərini öyrəndik. Məsələni dəyərləndirən ekspertlər sözügedən prosesin hüquq pozuntusu olduğunu və sakinlərin məhkəməyə, həmçinin müvafiq dövlət qurumlarına müraciət etməli olduqlarını vurğuladılar.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, tikinti və təmir işlərinin aparılması üçün müəyyən səs diapazonu var və bu səs diapazonu yüksək olmalı deyil. S.Məmmədov bildirib ki, baş verən hadisə əhalinin sağlamlığı əleyhinə yönələn tədbirdir və bunun qarşısı mütləq şəkildə alınmalıdır:

"Əgər evində istirahət edən və ya yatan şəxsi bu səslər narahat edirsə, bu, qanun pozuntusudur. Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti bu məsələdə məsuliyyət daşıyır. Sakinlər tabeçilik qaydası ilə qeyd etdiyim orqanlara şikayət eləməlidirlər”. Hüquqşünas Əliməmməd Nuriyev isə qeyd edib ki, təmir işlərini aparan şəxslərə istirahət hüququnun pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq sanksiyalar tətbiq edilə və gecə tikintisi dayandırıla bilər. 

Hüquqşünas həmçinin deyib ki, tikinti sektorunda qəza hadisələri baş verir, çünki burda əməyin mühafizəsi qaydalarına riayət edilmir: 

"Məsələ ilə bağlı vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinə, eyni zamanda məhkəməyə müraciət edə bilərlər. Əgər dövlət ehtiyacları üçün işlər aparılırsa, gecə tikintisi barədə razılıq almaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda müxtəlif işlərlə bağlı müəyyən standartlar var. Məsələn, hansı işlər yalnız gündüz və ya hansı işlər gecə davam etdirilə bilər. Lakin insanların yaşamaq, yəni istirahət hüququna mane olunursa, səs-küy varsa, bu zaman müvafiq tədbirlər görülməlidir”.

Ə.Nuriyev həmçinin bildirib ki, baş verən hadisədə təhlükəsizlik qaydaları da mühüm rol oynayır: "Tikinti hansı məsafədədir, necədir və digər məsələlər mütləq nəzərə alınmalıdır. Amma burda ən vacib məqam məhz səs-küyün olmasıdır. Ekologiya Nazirliyi bu məsələyə nəzarət edən qurumlardan biridir və hadisəyə qarışmalıdır. Bu hal konkret olaraq insanların istirahət hüququnun pozulması deməkdir”.

Yeganə Bayramova