Nazirlik susur...

Vatsap və skayp zəngləri ilə bağlı problem yaşandığı təsdiqləndi


Son günlər dünyanın ən məşhur mobil messenceri vatsap və skayp ilə bağlı Azərbaycanda problemlər yaşanır. İstifadəçilər videozəng və zəng funksiyasından istifadə edə bilmir. "WhatsApp” və "Skype” ilə beynəlxalq danışıqlara məhdudiyyətlərin tətbiq edilməsi ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı, çoxsaylı zənglərimiz cavabsız qaldı.
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də son günlər vatsap və skayp zəngləri ilə bağlı problem yaşandığını təsdiqləyib:

"Bir neçə gündür ki, "WatsApp” və "Skype” ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edilib. Hamı bunun səbəbini axtarır və soruşur. Düşünürəm ki, bu məsələyə aydınlıq gətirəsi yeganə qurum NRYT Nazirliyidir. Hələlik sektorda tənzimləyici qurum bu Nazirlikdir. Təəssüf ki, bu qurum da rəsmi açıqlama verməyib.

Apardığımız araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN-in göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib. Bizdə artıq çox doğru olaraq praktika formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır. Düşünürəm ki , bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil ki, internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur.

Atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır. Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı NRYTN-in açıqlama verməsi doğru olardı. Xüsusən də bizdə artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var. 

Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır”.

O.Gündüzün fikrincə, hökumətin bu tip qlobal resurslarla əməkdaşlıq etməsi, onların ölkəmizə dəvət edilməsi, onların resurslarının burada yerləşdirilməsi istiqamətində işlərin aparılması daha doğru addım olardı: "Ən yüksək standartlı, regionda ən nəhəng "Regional Data” Mərkəzin, həmçinin "Delta Telekom”-un Data Mərkəzlərinin olduğunu nəzərə alsaq, bu cür bloklanmanın da gələcəkdə bu Mərkəzlərin biznesinə də problem yaradacağını düşünürəm. Hansı ki, bu resurslar ölkəyə xeyli valyuta gətirə bilərdilər”.

Şəymən