Son bir neçə gündür Azərbaycan və Ermənistan sərhədində nisbətən sakitlikdir. Sanki yanvar ayının ortalarından başlayaraq gündə azı 200 dəfə mövqelərimizi hədəf alan erməni quldurları qış yuxusuna gedib. Bəzi politoloqlar isə cəbhədəki bu sakitliyi Soçidəki Olimpiya oyunları ilə əlaqələndirir.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "Twitter” səhifəsində Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən Qış Olimpiya Oyunları müddətində atəşkəs rejiminə əməl olunacağı barədə razılığını yazmışdı.
Cəbhədəki gərginliyin ermənilər tərəfindən bilərəkdən törədildiyini deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, cəbhədəki gərginliyin nisbətən səngiməsi yalnız Soçi Olimpiadası ilə əlaqəli deyil. Mənfurların atəşkəsi pozmaq cəhdlərinin arxasında anti-Azərbaycan siyasətinin dayandığını vurğulayan politoloqun sözlərinə görə, onlar cəbhədəki gərginliyi Azərbaycan Silahlı Qüvvələrinin üzərinə ataraq Azərbaycanın hətta Soçi Olimpiadası ərəfəsində də ermənilərə qarşı hərbi təxribatlar törətmək görüntüsü yaratmağa çalışırdılar: "Təbii ki, rəsmi Bakı da əli qoynunda oturmadı. Hətta deyərdim ki, Azərbaycanın təbliğat maşını ermənilərinkindən daha uğurlu işlədi və onların yaydığı "həqiqət”ləri, xüsusən də atəşkəsin pozulması haqqında faktları yetərli sübutlarla, ATƏT-in monitorinq qrupunu dəvət edib hadisəni yerində göstərməklə xeyli yüksək rəyə nail oldu. Ermənilər gördülər ki, atəşkəsi gündə 200 dəfə pozub, Azərbaycanın üzərinə atmaqla xal qazana, ölkəmizi Olimpiya Xartiyasını pozmaqda ittiham edə bilməyəcəklər. Özlərini də beynəlxalq aləmin gözündən salmamaq üçün müvəqqəti olaraq atəşkəs pozuntusunu dayandırdılar. Onlar yalnız Azərbaycanı nüfuzdan salan və dünya ictimaiyyətinə yönəlmiş addımlar atırlar. Olimpiada qabağı atəşkəs rejiminin pozulması Azərbaycandan çox onlara ziyan elədiyi üçün sakitləşmək məcburiyyətində qaldılar. Bir sözlə, mənfurlar qazdıqları quyuya özləri düşdülər”. Ermənilərin Azərbaycanın təcavüzkar obrazının yaradılması istiqamətində atdıqları bütün cəhdlərinin mənasız olduğunu deyən politoloq qeyd edib ki, düşmən tərəf hədəfinə çata bilmədi: "Onlar yalnız Rusiya xəbərdarlıq etdiyi üçün yox, cəbhədə gərginlik yaratmaqla heç nəyə nail ola bilməyəcəklərini, hətta əksinə olaraq çox şey itirəcəklərini anladıqları üçün mövqelərimizi atəşə tutmurlar. Azərbaycan silahlı qüvvələri cavab zərbəsi ilə düşmənlərimizi susdurmağa qadir bir ordudur. Bilirsiniz ki, son atışmalarda düşmən qoşunu daha çox itki verdi”.
Soçi Olimpiadası bitdikdən sonra ermənilərin cəbhədə yenidən fəallaşmasının nə dərəcədə gözlənilən olduğunu deyən Q.Hüseynlinin sözlərinə görə, ermənilərdən nə desən çıxar: "Hərb meydanlarından mövqelərimizin atəşə tutulması təkcə ermənilərin planı deyil. Bölgədə maraqları olan müəyyən qüvvələr Azərbaycana təzyiq vasitəsi kimi ermənilərdən istifadə edir. Ermənistana qarşı bu cür təsirlər həm cənubdan, həm də şimaldan gəlir. Odur ki, hər an cəbhədə vəziyyət yenidən gərginləşə bilər. Ordumuz tam gücü ilə buna hazır olmalıdır”.
Şəymən