“Dövlət komissiyası baş vermiş faciəli hadisəni hər tərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib ictimaiyyətə geniş məlumat verəcək.
Sherg az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayıb: "Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var. Prezident İlham Əliyevin sərəncamı ilə dünən ölkədə matəm elan edilmişdi. Dövlət başçısının sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq üçün dövlət komissiyası yaradılıb. Komissiya baş vermiş faciəli hadisəni hər tərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib və ictimaiyyətə məlumat verəcək. Qəzada həyatını itirənlərə allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına baş sağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzu edirik”.