Ancaq işin içində Türkiyə varsa, İranyönlü hakimiyyətin qaytarması dəvənin iynə ulduzundan keçməsi qədər mümkünsüz və absurddur
İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Suriyadakı hadisələrlə bağlı nəticə çıxarmaq hələ tezdir, vəziyyət dəyişə bilər. Nazir bildirib ki, indi Suriyada o ölkənin gələcəyinə təsir edən bir çox mühüm amillər var: "Məncə, vəziyyəti qiymətləndirmək hələ tezdir – həm bizim, həm də qalib gəldiyini düşünən qarşı tərəfin nümayəndələri üçün. Qarşıda çox şey baş verə bilər". Xatırladaq ki, Suriya müxalifəti dekabrın 8-də Bəşər Əsəd rejimini devirib. Əsəd müxaliflərin paytaxt Dəməşqə girməsindən sonra Rusiyaya qaçıb. O, İranın müttəfiqi idi. Xatırladaq ki, yeni hökumətin Tehranla əlaqəsi soyuqdur.
Tehranın mövqeyini "Sherg.az"a təhlil edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan deyib ki, Suriyadakı qələbə təkcə hakimiyyəti dəyişən qrupların qələbəsi deyil, bütün xalqın qələbəsidir. Ekspertin sözlərinə görə, suriyalılar uzun zamandır zülm çəkir, qaçqın, mühacirət həyatı yaşayır, bombalar altında məhv olur, dəhşətli həbsxanalarda çürüyürdülər:
"İran isə Suriya xalqını əsla nəzərə almır. Hazırda maksimum çalışır ki, Suriyada yaşayan əlaltıları vasitəsilə məzhəbçilik qarşıdurması zəminində yenidən terror aktları və təxribat planlarını işə salsın. Təbii ki, İsrailə də lazımdır ki, Suriyada heç zaman stabillik olmasın və İranla o özü yox, elə Suriya savaşsın. İran təbii ki, ərəb ölkələri başda olmaqla İslam aləmində məzhəb ixtilafları vasitəsilə qarışıqlıq yaradaraq öz maraqlarını işə keçirib. Amma Suriya mövzusunda işin içində Türkiyə varsa, artıq Suriya azaddır, deməkdir. İran rəsmisinin qarşıda çox şey ola bilər deməsi Suriyanı yenidən terror ocağına çevirmək cəhdlərinə əsaslanır. Həm PKK və digər terror təşkilatlarının əli ilə, həm də özünə bağlı qrupların sızması nəticəsində güman edir ki, yenidən təxribata başlaya bilərlər. Suriyanın yeni idarəçilərini devirməkdən söhbət gedə bilməz. Çünki tam stabil şəkildə, xalqın dəstəyi ilə gəliblər. Müharibə dönəmində bir qədər fərqli adlarla ortaya çıxan HTŞ-ni artıq Qərb dövlətləri də terrorçu siyahısından çıxarmağı düşünür. Ən əsası isə Türkiyə Suriyada sabitliyin, sağlam hakimiyyətin qurulması üçün əmək sərf edir. İran isə Suriyanı tam dağıtmaq, məhv etmək, xalqı da sünni olduğuna görə genosid etmək istəyir. Çünki Əsəd rejimi zamanı sünni əhalini Türkiyəyə və başqa ərəb ölkələrinə sürgün etdilər, onların əvəzinə İraqdan 1 milyona yaxın şiə mənsubu gətirərək ölkədə məzhəb düşmənçiliyini qızışdırdılar. Hazırkı hökumət isə bu qanunsuz yerləşənləri geri qaytarmaq barədə qərar verib. Həmçinin İranın Suriyaya vurduğu maddi ziyan və zərərə görə beynəlxalq məhkəmələrə müraciət üçün sənədlər hazırlandığını vurğulayıb".
Analitik vurğulayıb ki, İranı idarə edən ABŞ, Fransa və Britaniyadakı gizli dairələrlə danışıqlar apararaq, bəlkə, yenidən Suriyaya qayıtmaq şansını gözləyirlər:
"Yoxsa reallıqda İranın yenidən Suriyada mövcud olması, yaxud xalqın təzədən çevriliş edib İranyönlü hakimiyyəti qaytarması dəvənin iynə ulduzundan keçməsi qədər mümkünsüz və absurddur. Deməli, İranın gözləntisi özünün Qərbdəki himayədarlarındandır. Habelə özü də bilir ki, Suriyada Türkiyənin də arxasında durduğu, xalqın dəstəyini almış indiki hakim qüvvələri beş-on yerdə təxribat törətməklə, məzhəb fitnəsi salmaqla devirmək mümkün deyil. Bəs onda İran o qədərmi sadəlövhdür ki, vəziyyətin dəyişməsini gözləyir? Xeyr. Məlumdur ki, Əsəd rejiminin İranla yanaşı ən böyük qoruyucusu İsrail idi. Əsəd hətta son anda qaçanda belə hərbi sirri, koordinatları da İsrailə təhvil verməmiş getmədi. Çünki müsəlman ölkələrindəki qırğınlar İranın əsas amalıdır. Ona görə ki, o ölkələrin əksəriyyəti sünni müsəlmanlardır. Hətta HƏMAS-ın özünü İsrailə hücum etməyə İran təhrik etdi ki, onu minlərlə müsəlman qırılsın. İran Sasani imperiyasının sərhədləri çərçivəsində mübarizə aparır və ideoloji məqsədi İslam dünyasını əsla birləşməyə imkan verməməkdir. Bilir ki, Suriyada stabil hökumət qurularsa, sülh olacaq və o, öz mənfur planlarını həyata keçirə bilməyəcək. İsrailə də mesaj verir ki, biz əvvəl Suriyanı qarışdırırdıq, siz də bu qarışıqlıqdan, terror mühitindən istifadə edərək daxil olursunuz, müsəlman qanı tökülürdü, sizin də müxtəlif maraqlarınız təmin olunurdu. Vəziyyətdən çıxmaq üçün ABŞ-dən daha çox dəstək və silah alırdınız. Ancaq indi Suriyada biz yoxuq, əgər stabil hakimiyyət qurulsa, siz maraqlarınızı həyata keçirə bilməyəcəksiniz, bəhanə tapmayacaqsınız".
T.İrfan qeyd edib ki, İsrailin regiondakı aqressivliyinin ilk səbəbi İranın özünün və proksi qüvvələrinin İsrailə hücumları və yaratdığı təhdiddir:
"Məlum ərəb ölkələrini İran İsrailə tərəf təhrik etməsə, atəşkəs mühitində həmin ölkələr dağılmaq əvəzinə inkişaf edər və aradakı problemli mövzular da danışıqlar ilə həll edilər. Fəqət İran əsla imkan vermək istəmir. Bütün müsəlman ölkəsində öz agentura şəbəkəsi və təbliğatçı, təxribatçılarının əli ilə məzhəb qarşıdurması və vətəndaş müharibəsi yaratmağa çalışır. Həmçinin Suriyada da Əsəd dövründəki müsəlman soyqırımlarına başçılıq edən adamlarının vasitəsilə istəyir ki, ələviləri, nuseyriləri, erməniləri indiki hakimiyətə qarşı üsyana cəlb etsin, onlardan da ola bilsin, sərt cavab gəlsin və bunu da əsas tutaraq Suriyanı yenidən qan gölünə çevirsinlər. Amma əminəm ki, bu baş tutmayacaq. Çünki Suriya xalqı savaşdan yorulub və İranın oyunlarını da tam dərk edib. Ələlxüsus da əgər Türkiyənin himayəsi varsa, digər müsəlman ölkələri, Qərb dövlətləri də Suriyada sabitliyin və stabilliyin yaranmasında maraqlıdırlarsa, İran heç bir təxribata nail ola bilməyəcək".