“Onlara gerçəkdən də böyük bir alqış düşür. Dəstəyinizə və həmrəyliyinizə görə sağ olun, var olun, Qazax qardaşlarımız!”
Prezident İlham Əliyev dekabrın 27-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. Dövlət başçıları Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı bir-birinə, həmçinin həlak olanların yaxınlarına başsağlıqlarını bildirib, yaralananlara tezliklə şəfa arzulayıblar. Prezident İlham Əliyev, ilk növbədə, Qazaxıstan rəhbərinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlət başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib. Eyni zamanda, ölkə rəhbəri Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib. Yaralananların böyük hissəsinin artıq Vətənə döndüyünü və hələ də orada müalicə olunan Azərbaycan vətəndaşlarının olduğunu vurğulayıb. Dövlət başçısı bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da Azərbaycanla həmrəylik göstərərək, bu işlərdə verdikləri dəstəyin bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirib. Bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib. Öz növbəsində Kasım-Jomart Tokayev bildirib ki, təyyarə qəzasının araşdırılması ilə bağlı onun tapşırığı ilə dərhal xüsusi komissiya yaradılıb, “Embraer” şirkətinin nümayəndələri artıq Qazaxıstana gəliblər və araşdırma işlərində fəal iştirak edirlər. Telefon söhbəti zamanı tərəflər istintaqın gedişi ilə bağlı fikir mübadiləsi aparıb və əmin olduqlarını bildiriblər ki, aparılan istintaqın nəticəsində qəzanın başvermə səbəbləri tam şəkildə araşdırılacaq.
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, təyyarə qəzası Azərbaycan və Qazaxıstanı, bu iki türk xalqını bir-birinə daha da yaxınlaşdırdı. Onun sözlərinə görə, "əsl dost dar gündə bilinər" sözünü ulularımız, böyüklərimiz düz deyiblər. Qazax türkləri bu sınaqdan üzüağ çıxdılar:
"Bütün Qazax xalqı bu faciəli günümüzdə yanımızda oldu. Qazaxıstanlı gənclər könüllü surətdə qan mərkəzlərinə gedərək təyyarə qəzasında yaralananlar üçün qan bağışladılar. Xüsusən, Aktau şəhərinin sakinləri bu işdə çox fəallıq göstərdilər. Onlar qəzanın baş verməsindən sonrakı ilk dəqiqələrdə sağ qalan sərnişinlərin, yaralıların təyyarədən çıxarılmasında da köməklərini əsirgəmədilər. Sosial şəbəkələr üzərindən başsağlığı rəyləri yazan Qazaxıstan vətəndaşları da həddindən çoxdur. Bir qazax türkü sosial şəbəkədəki rəyində təyyarə qəzasında həlak olanlara xitabən yazmışdı ki, "bağışlayın ki, bizim torpağımız qardaşlarımızın xilas yeri ola bilmədi". Bu rəy məni çox duyğulandırdı. Çünki əsl qardaşlıq yanğısı vardı bu rəydə. Eləcə də Azərbaycanın Astanadakı səfirliyinin və Aktaudakı konsulluq binasının önünə əklil qoyan, qəzada həlak olanların ruhu üçün dua edən qazaxıstanlıların da həmrəyliyi təqdirəlayiqdir. Bir sözlə, qazaxıstanlıların dərdimizə şərikliyini hər addımda hiss etmək, görmək mümkündür. Bütün bunlar sözsüz ki, hər birimizdə isti hisslər yaradır. Qardaş dəstəyini bu qədər yaxından hiss etmək çox xoşdur. Onlara gerçəkdən də böyük bir alqış düşür. Dəstəyinizə və həmrəyliyinizə görə sağ olun, var olun, Qazax qardaşlarımız! Əlbəttə, Türkiyə, Özbəkistan, Qırğızıstan da yanımızdadır. Bu dost və qardaş ölkələrin həm rəsmiləri, həm də sıravi insanları bizə başsağlığı verir, köməklərini təklif edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə təyyarəmizin qəzaya uğramasının nəticələrini və səbəblərini xüsusi olaraq diqqətdə saxlayır".