Prezidentin siyasəti konfessiyaları xarici mərkəzlərdən qoruyur - İlahiyyatçı

Dini qurumlara dövlət himayəsinin strateji mənası var

Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin sağlam inkişafının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasətin mühüm istiqamətlərindən biri dini qurumların fəaliyyətinin dəstəklənməsi, dinlərarası münasibətlərin möhkəmləndirilməsi və tolerantlıq mühitinin qorunub saxlanılmasıdır. Hər il dini qurumlara dövlət maliyyə yardımının ayrılması məhz bu strateji yanaşmanın bariz ifadəsidir.

Bu il də Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun qurulması və mənəvi-əxlaqi dəyərlərin təbliğinin gücləndirilməsi məqsədilə bir sıra dini qurumlara maliyyə vəsaiti ayrılacaq.

İlahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında dövlət-din münasibətlərindən, həmçinin göstəriləcək yardımdan danışıb:

"Azərbaycanda dini qurumların səmərəli və sağlam fəaliyyəti üçün hər il dövlət maliyyə yardımı göstərir, Prezident bununla bağlı müvafiq Sərəncam imzalayır. Bu il də eyni qaydada yenə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifçilik işinin müasir tələblərə uyğun aparılması, eyni zamanda mənəvi-əxlaqi dəyərlərin təbliğinin gücləndirilməsi məqsədi dini qurumlara maddi vəsait ayrılacaq.

Bu bir çox yöndən müsbət haldır. Dini qurumların, dini konfessiyaların xarici təsirlərə düşməməsi, asılı olmaması üçün fəaliyyət göstərdiyi dövlətin yardımını alması labüddür. Tolerantlığın inkişafı, dinlərarası münasibətlərin, həmrəyliyin, harmoniyanın inkişafı naminə dini qurumlara dəstək lazımdır". 

İlahiyyatçı dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkili, inkişafı, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətə faydalı olması istiqamətində işlərin görülməsi üçün də yardımın önəmli olduğunu söyləyib:

"Dövlət başçısının dövlət-din siyasəti dünyada nümunə olacaq nəticələr verir. Artıq Azərbaycandakı dini tolerantlıq nümunələri başqa ölkələrin məktəbinə çevrilir, öyrənilir. Dinlər və məzhəblərarası tolerantlıq, ümumbəşəri-insani dəyərlər, humanizm, mənəvi-əxlaqi irsimizin bəxş etdiyi ənənələrlə vəhdət təşkil edərək örnək bir nümunə meydana gətirir. Bir çox yönlərdən dini qurumlara göstərilən bu qayğı, diqqət, maddi dəstək öz faydasını verir. Bu, eyni zamanda gələcəkdə də daha səmərəli işlərin görülməsinə vəsilə olacaqdır".